CƏMİYYƏT
Azərbaycanda televiziyanın ilk dəfə efir fəaliyyətinə başlamasından 58 il ötür VİDEO
Bakı, 14 fevral (AZƏRTAC). Fevralın 14-ü Azərbaycanda televiziyanın ilk dəfə efir fəaliyyətinə başlamasından 58 il ötür. Hazırda həyatımızın ayrılmaz hissəsinə çevrilmiş televiziya Azərbaycanda ilk dəfə 1956-cı il fevralın 14-də yayıma başlamışdır.
İlk veriliş günü ekranda Nəcibə Məlikova görünmüş və çıxışına “Göstərir Bakı” sözü ilə başlamışdır. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi nümayiş etdirilmişdir.
İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət edilmişdir. Televiziyada “proqramlaşdırma”, “şəbəkə” və “model” anlayışları da yox idi. Buna görə də yeni kütləvi informasiya vasitəsi təsviri retranslyator kimi fəaliyyət göstərirdi. Televiziya işçiləri hər gün toplaşaraq tamaşaçılara nəyi göstərməyi qərara alırdılar. Seçim isə zəngin deyildi: klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək qabaqcıllarının çıxışları nümayiş etdirilir, diktor qəzetlərdən 15 dəqiqəlik qısa xəbərlər oxuyurdu.
Əvvəllər yayım yalnız Bakı və Sumqayıtı əhatə edirdi. Bir il sonra -1957-ci ildə televiziyanın əhatə dairəsi genişlənərək Salyan, Quba, Kürdəmir, eləcə də Azərbaycanın digər rayon və şəhərlərində də yayımlanmışdır.
Hazırda Azərbaycanın efir məkanında 11 ümumrespublika, 14 regional televiziya kanalı, eləcə də 12 kabel televiziyası və 20-dən çox internet televiziyası fəaliyyət göstərir.