650 min ağacın əkilməsi ekoloji vəziyyətin yaxşılaşdırılması üçün çox vacib aksiyadır
Bakı, 6 dekabr, AZƏRTAC
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gün ərzində 650 min ağacın əkilməsi təbiətin qorunması, eyni zamanda, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı atılan mühüm addımdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.
M.Abbaszadə qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə dahi şairimiz Nəsiminin yubileyinə həsr olunan 650 min ağacın əkilməsi ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı keçirilən mühüm tədbirdir. Bu il biz Nəsiminin 650 illik yubileyini qeyd edirik və bununla əlaqədar olaraq bu aksiyanın çox mühüm əhəmiyyəti var. Aksiya dahi şair və mütəfəkkirin xatirəsinin əbədiləşdirilməsi baxımından xüsusi önəm daşıyır. Mehriban xanımın bu təşəbbüsü Nəsimi irsinin daha geniş təbliğinə, ölkəmizin yaşıllıqlar diyarına çevrilməsinə, ətraf mühitin mühafizəsi və iqlimin yaxşılaşdırılmasına böyük töhfə verəcək.