İDMAN
İdmanın səmti müəyyən etmə növü üzrə ümummilli lider Heydər Əliyev adına Beynəlxalq Kubok yarışlarının qalibləri mükafatlandırmışdır VİDEO
Xaçmaz, 1 iyun (AZƏRTAC, Pərvanə Rəhimova). İdmanın səmti müəyyən etmə növü üzrə Xaçmaz rayonunun Yalama qəsəbəsində keçirilən ümummilli lider Heydər Əliyev adına Beynəlxalq Kubok yarışları yekunlaşmış, qaliblərin mükafatlandırılmışdır.
AZƏRTAC xəbər verir ki, yarış “Elit”, “Open” (yeni başlayanlar qrupu) və “Junior” (uşaqlar) kateqoriyaları üzrə həm komanda, həm də fərdi hesabda keçirilmişdir. İdmançılar kateqoriyalara uyğun qaydada məsafəni keçmiş və nəzərdə tutulmuş nəzarət məntəqələrində müəyyən ardıcıllıqda qeyd olunmuşlar.
İki günün nəticələrinə əsasən, “Elit” kateqoriyası üzrə (uzaq və yaxın məsafə) kişilər arasında rusiyalı Aleksandr Trempoltsev birinci, finlandiyalı Timo Elo ikinci, türkiyəli Yaşar İsmet Demiröz isə üçüncü yeri tutmuşlar. Qadınlar arasında keçirilən yarışda isə “Neftçi” komandasından Natalya Əliyeva birinci, Yelena Minayeva ikinci, türkiyəli Büşra Muslu isə üçüncü yerdə qərarlaşmışlar.
“Junior” qrupunda keçirilmiş yarışın nəticələrinə əsasən birinci yerin qalibi Axel Flordal olmuşdur. Şəmsiyyə Ələkbərova ikinci, İman Farşbafşəhriyari üçüncü yerləri tutmuşlar.
Kişilər arasında “Open” kateqoriyasında uzun məsafəyə qaçışda isveçrəli Torqni Jepson birinci, Viljo Elo ikinci, avstraliyalı Ben Şultz isə üçüncü olmuşdur. Bu kateqoriyada qadınlar arasında qalib adını azərbaycanlı Günay Həmdullayeva qazanmışdır.
Sonda qaliblərə diplom və hədiyyələr təqdim edilmişdir.
Yarışa Azərbaycanın müxtəlif nazirlik, idarə, təşkilat, ali təhsil müəssisəsi, idman klubları və s. təmsil edən 20-dən çox komanda və 12 ölkədən idmançılar qatılmışdır.
İdmançıların yarışdıqları ərazidə video-nəzarət məntəqəsinin quraşdırılması nəticəsində yarışı ilk dəfə canlı izləmək mümkün olmuşdur.