İDMAN
Avropa çempionatında uğurla çıxış etmiş yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri Vətənə qayıtmışlar VİDEO
Bakı, 24 iyun (AZƏRTAC). Polşanın Katovitse şəhərində gənclər arasında Avropa çempionatını uğurla başa vuran yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri iyunun 24-də Vətənə qayıtmışlar.
AZƏRTAC xəbər verir ki, güləşçilərimizi Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər, media nümayəndələri və Azərbaycan Güləş Federasiyasının rəsmiləri qarşılamışlar.
Çempionatın son iki günündə mübarizəyə qoşulan yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri 3 qızıl medal qazanmışlar. İbrahim Nurullayev (50 kq), Murad Məmmədov (55 kq) və İslam Abbasov (84 kq) bütün rəqiblərindən üstün olmuş və fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Ümumilikdə 45 xal toplayan yığmamız komanda hesabında Rusiya və Gürcüstandan sonra üçüncü olmuşdur.
Yığma komandamızın böyük məşqçisi Şaban Donat bildirmişdir ki, federasiya rəhbərliyi tərəfindən hazırlıq üçün maksimum şərait yaradılmışdır. Hər bir yarışda çalışırıq ki, bizə göstərilən etimadı ən yüksək səviyyədə doğruldaq. Bu dəfə daha ciddi yarış idi. Avropa çempionatında zəif rəqib olmur. Sevindirici məqam odur ki, ən güclü rəqibimiz olan Rusiya yığması bir qızıl medal belə qazana bilmədi, ancaq bizim 3 qızıl medalımız oldu. Təbii ki, medallarımızın sayı daha çox ola bilərdi. Bəzi güləşçilərimiz öz səhvləri, digərləri isə hakimlərin ədalətsizliyi ucbatından medalsız qalmışdır. Qarşıdan dünya çempionatı gəlir. Çalışacağıq ki, o yarışda da Azərbaycanın bayrağını yüksəklərdə dalğalandıraq.
Avropa çempionu İslam Abbasov demişdir ki, finaladək bütün rəqiblərimi rahatlıqla məğlub etdim. Yarımfinalda yerli idmançı ilə qarşılaşmışdım. Güclü azarkeş dəstəyinə baxmayaraq ona böyük hesabla qalib gəldim. Final görüşüm isə çox gərgin keçdi. Almaniya güləşçisindən xal hesabı ilə üstün oldum. Çempion olduğum, ölkəmizin bayrağını yüksəltdiyim, himnimizi səsləndirdiyim üçün çox xoşbəxtəm. Çalışacağam ki, qarşıdan gələn dünya çempionatında da eyni uğuru təkrarlayım. Hər bir yarışdan əvvəl güclü hazırlıq keçirik. Yaradılan bütün şəraitə görə federasiyamıza öz təşəkkürümü bildirirəm.