SİYASƏT
Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə Londonda təşkil olunmuş mərasimdə ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışılmışdır VİDEO
London, 26 iyun (AZƏRTAC). Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin nəzdindəki Hərbi Attaşelik Aparatının təşkilatçılığı ilə Londonda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümünə həsr olunan rəsmi ziyafət təşkil edilmişdir.
Mərasimdə Böyük Britaniyanın beynəlxalq təhlükəsizlik strategiyası üzrə dövlət naziri Andryu Murrison, Baş Qərargah rəisinin müavini, general-polkovnik Jeyms Everard, Müdafiə Nazirliyinin generalları və rəsmiləri, Lordlar Palatası və parlamentin nümayəndələri, Londonda akkreditə olunmuş bir sıra dövlətlərin səfirləri və hərbi attaşeləri, bu ölkədəki Azərbaycan icmasının üzvləri və digər qonaqlar iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan səfir Fəxrəddin Qurbanov Azərbaycan hökumətinin milli ordu quruculuğuna yüksək diqqət və qayğısından bəhs etmişdir. Səfir ölkəmizin müstəqilliyini bərpa etməsindən keçən müddət ərzində görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan Ordusunun regionun ən güclü ordusuna çevrildiyini diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Londondakı hərbi attaşesi, polkovnik-leytenant Vüqar Əhmədov Silahlı Qüvvələrin yaranması tarixindən, müstəqilliyin bərpasından sonrakı ilk dövrlərdə ordu quruculuğundakı çətinliklərdən danışmış, hazırda isə ölkənin ərazi bütövlüyünü təmin etməyə qadir güclü ordunun formalaşdığını bildirmişdir. O qeyd etmişdir ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuş və Azərbaycan Silahlı Qüvvələrinin 80 faizi bu gün səngərlərdədir. Bu işğal vəziyyəti nəinki regionumuzu, hətta bölgədən kənarda təhlükəsizliyi ciddi təhdid edir. Buna baxmayaraq, Azərbaycan Ordusu beynəlxalq təhlükəsizliyə və Avratlantik məkandakı sabitliyə öz töhfəsini vermiş və bu rolunu davam etdirməkdədir.
Daha sonra hərbi attaşe Azərbaycan-Böyük Britaniya hərbi əlaqələrindən söhbət açaraq, bu münasibətlərin intensiv inkişafından ətraflı bəhs etmişdir.
Tədbirdə çıxış edən dövlət naziri Andryu Murrison təmsil etdiyi hökumət adından Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə əlaqədar təbriklərini çatdırmış, Azərbaycan ilə Böyük Britaniya arasında müxtəlif sahələrdə getdikcə genişlənən dinamik inkişafdan məmnunluğunu bildirmişdir. Ötən il Bakıya səfərini böyük məmnunluq hissi ilə xatırlayan dövlət naziri Murrison Azərbaycanın beynəlxalq təhlükəsizliyin təmin olunmasına verdiyi mühüm töhfələri, xüsusilə də Əfqanıstanda İSAF missiyasındakı rolunu və hava məkanını bu məqsədlə istifadəyə verməsini yüksək qiymətləndirmiş, Azərbaycan tərəfinə təşəkkür etmişdir.
İki yüzdən artıq qonağın iştirak etdiyi mərasimdə Azərbaycan bəstəkarlarının simfonik əsərləri səsləndirilmiş, Silahlı Qüvvələrimizə həsr olunmuş videoçarxlar nümayiş etdirilmişdir.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London