İDMAN
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi ilə “Nar Mobile” şirkəti arasında rəsmi tərəfdaşlıq razılaşması imzalanmışdır VİDEO
Bakı, 2 iyul (AZƏRTAC, Səxavət Quliyev). İyulun 2-də “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK ) ilə “Nar Mobile” şirkəti arasında rəsmi tərəfdaşlıq razılaşması imzalanmışdır.
AZƏRTAC xəbər verir ki, “Four Seasons” mehmanxanasında təşkil olunan tədbirdə Əməliyyat Komitəsinin baş icraçı direktoru, Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə getdiyini və gecikmənin olmadığını diqqətə çatdırmışdır.
Bildirmişdir ki, ötən ay Bakıda müxtəlif ölkələrin Olimpiya komitələrinin iclası keçirilmişdir. Bu iclasda “Bakı-2015”ə hazırlıqla bağlı məlumat verilmişdir. Qonaqlar burada yaradılan şəraiti yüksək qiymətləndirmiş və hazırlıq işlərindən məmnunluqlarını ifadə etmişlər.
Nazir qeyd etmişdir ki, Avropa Oyunlarına hazırlıqla bağlı Bakıda atletika üzrə təsnifat turniri və bədii gimnastika üzrə Avropa çempionatı keçirilmişdir. Hər iki turnirin iştirakçıları Atletlər Kəndində yerləşdirilmişdir. Turnirlərin beynəlxalq səviyyədə təşkil olunması bizi çox sevindirir.
Avropa Oyunlarının məşəlinin yarışların başlanmasından iki ay əvvəl alovlandırılacağını diqqətə çatdıran nazir, hazırda Beynəlxalq və Avropa Olimpiya komitələrinin qərarını gözlədiklərini vurğulamışdır. Azad Rəhimov demişdir: “Olimpiya məşəlinin yandırıldığı yer Yunanıstandır. Lakin ola bilsin ki, məşəl başqa yerdə alovlandırılsın. Bunun üçün xüsusi icazə lazımdır. Bunun üzərində iş aparılır və hələ vaxtımız vardır. Azərbaycanda “Yanar dağ” və Atəşgah mövcuddur. Məşəl orada alovlandırılıb, respublika ərazisində nümayiş oluna bilər”.
“Nar Mobile” şirkətinin baş icraçı direktoru Kent Maknili əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirmişdir. Telekommunikasiya sahəsində qazanılan uğurlardan danışan “Nar Mobile” şirkətinin rəsmisi “London-2012” Olimpiya Oyunlarında Azərbaycan idmançılarına göstərdikləri dəstək barədə məlumat vermişdir. Azərbaycanda idmana dövlət qayğısını yüksək qiymətləndirən Kent Maknili əməkdaşlığın hər iki tərəf üçün uğurlu olacağını diqqətə çatdırmışdır.
“Bakı-2015” Avropa Oyunlarının baş əməliyyat direktoru Saymon Kleqq Avropa Oyunlarında 10 mindən artıq könüllünün, 6 mindən çox idmançının və 3 min rəsmi nümayəndənin iştirak edəcəyini demişdir. Vurğulamışdır ki, bu insanları bir-biri ilə əlaqələndirmək üçün telekommunikasiyanın rolu əvəzsizdir. Bu baxımdan indi imzalanacaq müqavilə çox vacibdir.
Saymon Kleqq demişdir: “Ölkənizdə əhali arasında keçirilmiş sorğunun nəticələrinə görə, respondentlərin 62 faizi “Bakı-2015”in Azərbaycanın təbliğində mühüm rol oynayacağı qənaətindədir. Çox sevindirici haldır ki, azərbaycanlılar birinci Avropa Oyunlarının təşkil olunmasında çox maraqlıdırlar”.
Mərasimdə “Bakı-2015”ə hazırlıqla bağlı videoçarx nümayiş olunmuşdur.
Tərəfdaşlıq razılaşmasını Azad Rəhimov və Kent Maknili imzalamışlar.
Sonra jurnalistlərin sualları cavablandırılmışdır.