İDMAN
Quba Milli Qolf Klubu növbəti beynəlxalq yarışa uğurla ev sahibliyi edib VİDEO
Quba, 12 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 12-də Quba Milli Qolf Klubunda “Turkish Airlines World Golf Cup” beynəlxalq qolf turnirinin seçim mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq yarışda Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən 50 nəfərdən çox qolfçu iştirak edib.
“Turkish Airlines World Golf Cup” turniri 2013-cü ildən etibarən ənənəvi olaraq təşkil edilir. Builki yarış çərçivəsində dünyanın 47 ölkəsində 70 idman tədbirinin həyata keçirilməsi nəzərdə tutulub. Qubadakı beynəlxalq qolf yarışı da həmin tədbirlər çərçivəsində reallaşıb.
Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə A kateqoriyası üzrə I yeri Bong Hvan Seo, II yeri Rob Donoghue, III yeri isə Sean Harrison qazanıb. B kateqoriyasında isə birinciliyi Yeong Gil Jeong əldə edib. Onun ardınca Michael Leather ikinci, Onofrio Donghia isə üçüncü olub.
Bundan əlavə, “Best Gross” mərhələsində Bong Hvan Seo, “Nearest the pin” individual yarışında isə Alistair McDuff hamıdan güclü olub.
Quba Milli Qolf Klubunda təşkil edilən beynəlxalq turnirin qalibləri yarışların Türkiyənin Antalya şəhərində keçirilən final mərhələsində pulsuz iştirak imkanı əldə ediblər. Final yarışlarında isə 130 qolfçu birincilik uğrunda mübarizə aparacaq.
Yarışın sonunda mükafatlandırma mərasimi keçirilib. Qaliblərə xüsusi mükafatlar və qiymətli hədiyyələr təqdim olunub.
Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov AZƏRTAC-a müsahibəsində beynəlxalq yarışın yüksək səviyyədə təşkil edildiyini bildirərək deyib: “Əminəm ki, yarış iştirakçıları Quba Milli Qolf Klubunda keçirilən bu turnirdən böyük zövq aldılar. Azərbaycan Qolf Federasiyası yaranmasından cəmi bir neçə il ötməsinə baxmayaraq, qısa bir müddətdə idmanın bu növünün ölkəmizdə populyarlaşmasına nail olub. Keçirdiyimiz uğurlu yarışlar nəticəsində bu gün Azərbaycan dünyada qolf mərkəzlərindən biri kimi tanınır. “Turkish Airlines World Golf Cup” beynəlxalq turnirinin bir mərhələsinin Qubada təşkil olunması da buna bariz sübutdur”.
Yarış iştirakçıları Quba Milli Qolf Klubunda bu idman növünün inkişaf etdirilməsi üçün əla şəraitin olduğunu vurğulayıblar.
Beynəlxalq turnir çərçivəsində növbəti seçim yarışı Şotlandiyanın Edinburq şəhərində keçiriləcək.