SİYASƏT
Avstraliya hökuməti Dağlıq Qarabağın işğalına son qoyulmasına çağırır VİDEO
Kanberra, 1 dekabr, AZƏRTAC
Biz Ermənistan və Azərbaycan hökumətlərini bir araya gələrək münaqişəyə və Dağlıq Qarabağın işğalına sülh yolu ilə son qoymağa çağırırıq.
Bu sözləri Avstraliya xarici işlər naziri Culia Bişop parlamentin üzvü, Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Luke Simpkinsin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə hökumətin mövqeyi ilə əlaqədar sualını cavablandırarkən deyib.
Azərbaycanın Avstraliyadakı səfirliyinin yaydığı məlumata görə, parlamentin noyabrın 30-da keçirilən iclası zamanı L.Simpkins xarici işlər naziri xanım C.Bişopa müraciət edərək deyib ki, Nümayəndələr Palatasına üzv seçildiyi dairədəki Azərbaycan və türk icmalarının üzvləri Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ vilayəti və ona bitişik rayonların işğalına Avstraliya hökumətinin mövqeyini müəyyənləşdirməyi xahiş ediblər. L.Simpkins nazir C.Bişopdan həmin məsələyə Avstraliya hökumətinin mövqeyini açıqlamasını xahiş edib.
Sualı cavablandıran xanım C.Bişop əvvəlcə L.Simpkinsə deputat seçildiyi ərazidəki etnik qruplara göstərdiyi ardıcıl dəstəyə görə minnətdarlığını bildirib. Vurğulayıb ki, Avstraliya hökuməti bütün dünyada suveren ölkələrin ərazilərinin qeyri-qanuni işğalını mühakimə etmək siyasətinə sadiqdir. Tamamilə buna uyğun olaraq, Avstraliya hökuməti Azərbaycanın suverenliyini tanıyır. Dağlıq Qarabağı isə müstəqil dövlət kimi qəbul etmir. Eyni zamanda, Avstraliya hökuməti problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir. Bu, bizim ardıcıl mövqeyimizdir. Biz Ermənistan və Azərbaycan hökumətlərini bir araya gələrək münaqişəyə və Dağlıq Qarabağın işğalına sülh yolu ilə son qoymağa çağırırıq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra