REGİONLAR
Daşkəsəndə selin təsirindən dağılmış körpü və yol bərpa edilib VİDEO
Bakı, 5 iyul, AZƏRTAC
Daşkəsən rayonunda bir müddət bundan öncə aramsız yağan yağışlar nəticəsində qəzalı vəziyyətə düşmüş körpü “Azəravtoyol” ASC tərəfindən bərpa edilib.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 1937-ci ildə inşa edilmiş və istismar müddəti bitmiş körpü 24 kilometr uzunluğunda olan Dəstəfur-Qıyıxlı avtomobil yolunun 9-cu kilometrliyində yerləşir.
Metal konstruksiyadan ibarət körpünün uzunluğu 10 metr, hündürlüyü 8 metr, eni isə 3,5 metr idi. Körpünün dayaqları qaya daşlarından inşa edildiyi üçün bəzi hissələri dağılmışdı.
Təmir-bərpa işləri zamanı körpü demək olar ki, sökülərək yenidən tikilib. Dayaqlar və hərəkət hissə dəmir-beton, aşırım hissə isə metal konstruksiyalardan yenidən inşa edilib. Körpünün eni 3,5 metrdən 6 metrə qədər genişləndirilib, 24 poqonmetr uzunluğunda təkərqaytaranlar və dəmir mühəccərlər quraşdırılıb. Körpünün bərpa olunması ilə vətəndaşların rahat gediş-gəlişi təmin olunub.
Bundan əlavə, Daşkəsən-Xoşbulaq yolunun 5-ci kilometrində də selin yaratdığı fəsadlar aradan qaldırılıb. Yol daha təhlükəsiz əraziyə doğru genişləndirilib.
Avtomobil yolunun altından suların ötürülməsi üçün ikigözlü, 12 poqonmetr uzunluğunda və 1500 millimetr diametrində boru quraşdırılıb.