REGİONLAR
Yeni Xocavənd qəsəbəsində şəhid Sənan Quliyevin xatirəsi anılıb


Beyləqan, 3 avqust, AZƏRTAC
Xocavəndli məcburi köçkünlər üçün Beyləqan rayonu ərazisində salınmış Yeni Xocavənd qəsəbəsində 2014-cü ilin avqustun 1-dən 2-nə keçən gecə cəbhənin Ağdam istiqamətində ermənilərin hücum cəhdinin qarşısını alarkən şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Sənan Quliyevin anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Sənan Quliyevin məzarı önündə keçirilən mərasimdə şəhidin ailəsi və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər şəhidin ailəsinə başsağlığı verib, doğma kəndi işğal edilən, yaxın qohumları ermənilər tərəfindən qətlə yetirilən Sənan Quliyevin Vətənə olan borcunu ləyaqətlə yerinə yetirərək şəhid olduğunu bildiriblər.
Məlumat verilib ki, Sənan Quliyevin doğulub boya-başa çatdığı Xocavənd rayonunun Qaradağlı kəndinin sakinlərindən hər 10 nəfərindən biri erməni silahlı birləşmələri ilə mübarizədə şəhid olub. Sənan Quliyevin yaxın qohumları da müharibə zamanı faciə və acılar yaşayıb. 1992-ci il fevralın 17-də Qaradağlı kəndi Ermənistan ordusu tərəfindən işğal olunan zaman 100 nəfərdən çox kənd sakini əsir götürülüb, onların yarıdan çoxu qəddarcasına qətlə yetirilib.
Çıxışlarda Azərbaycan Ordusunun qüdrətindən bəhs edilib, işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə əminlik ifadə olunub.