Paytaxtda daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub
Bakı, 26 avqust, AZƏRTAC
Paytaxtda tibb və sosial xidmət müəssisələrinə gələnlər üçün rahat şəraitin yaradılması istiqamətində işlər davam etdirilir. Daha 10 ünvanda minib-düşməni həyata keçirmək üçün yer və taksilər üçün duracaq təşkil olunub.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, bu məqsədlə bəzi parklanma yerləri ləğv olunaraq “3.28” – “durmaq qadağandır”, “5.14” – “minik taksilərinin duracaq yeri” nişanları və xüsusi hərəkət zolağında məlumat lövhələri quraşdırılıb.
Cavadxan küçəsi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısı (minib-düşmə yeri);
İsmayıl bəy Qutqaşınlı küçəsi, 1 saylı Bakı DOST Mərkəzinin yanı (minib-düşmə yeri);
Heydər Əliyev prospekti, 3 saylı Bakı DOST Mərkəzinin yanı (minib-düşmə yeri);
Ziya Bünyadov prospekti, 4 saylı Bakı DOST Mərkəzinin qarşısı (avtobus zolağında minib-düşmə yeri);
Abbas Mirzə Şərifzadə küçəsi, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı (minib-düşmə yeri);
9-cu köndələn küçəsi, 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin yanı (minib-düşmə yeri);
Hüseynbala Əliyev küçəsi, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığı (minib-düşmə yeri);
Süleyman Sani Axundov küçəsi, metronun “Azadlıq Prospekti” stansiyasının yaxınlığı (minib-düşmə yeri və taksi duracağı);
Füzuli küçəsi, “28 Mall”un yanı (minib-düşmə yeri);
Şəmsi Bədəlbəyli küçəsi, “28 Mall”un yanı (avtobus zolağında minib-düşmə yeri).