Qaraçöpdən Avropaya uzanan uğur yolu: Zülfüqar Xubanov
Tbilisi, 26 avqust, AZƏRTAC
Bəzi uğurlar təkcə fərdi nailiyyət deyil, həm də bütöv bir regionun gəncləri üçün əsl motivasiya mənbəyidir. Gürcüstanın Qaraçöp bölgəsinin Muğanlı kəndindən çıxaraq böyük hədəflərə doğru inamla irəliləyən soydaşımız Zülfüqar Xubanov bu motivasiyadan bəhrələnərək növbəti möhtəşəm nailiyyətə imza atıb.
AZƏRTAC-ın müxbiri Zülfüqar Xubanovun həyat yoluna nəzər salır.
İlk 9 illik təhsilini Muğanlı orta məktəbində başa vuran Zülfüqar təhsilini Düzəyrəm orta məktəbində davam etdirərək məktəbi qızıl medalla bitirib. O, Qaraçöpdə müəllimi Taleh Paşayevin yanında 3 il ərzində məqsədyönlü və sistemli şəkildə çalışaraq SAT, IELTS və Duolingo kimi nüfuzlu beynəlxalq imtahanlardan yüksək nəticələr əldə edib.
İngilis və gürcü dillərində mükəmməl biliklərə sahib olan Z.Xubanov, eyni zamanda, müxtəlif elmi fəaliyyətlərdə və olimpiadalarda fəal iştirak edərək öz potensialını sübut edib. Tbilisi Tibb Universitetinə qəbul olunan Zülfüqar bu il öz uğurunu daha da zirvəyə daşıyaraq Avropanın və Baltikyanı regionun ən nüfuzlu təhsil ocaqlarından biri olan Latviyanın Riqa Stradınş Universitetinin (Riga Stradiņš University) Tibb fakültəsinə qəbul olub. Qeyd edək ki, bu universitet tibb sahəsində dünya reytinqlərində öndə gedən və diplomu beynəlxalq səviyyədə tanınan qabaqcıl universitetlərdən biridir.
Z.Xubanovun qazandığı bu böyük nailiyyət onun dəmir intizamının, zəkasının və gərgin əməyinin məhsuludur. Bu uğur Qaraçöp gəncləri və təhsil alan bütün tələbələr üçün parlaq bir örnəkdir.