MƏDƏNİYYƏT
“ATV İnternational” SOCAR Media İctimai Birliyinin nəzdində fəaliyyət göstərəcəkdir
Bakı, 10 aprel (AZƏRTAC). “ATV İnternational” telekanalı “Azad Azərbaycan” (ATV) Teleradio Yayım Şirkətinin tərkibindən çıxaraq “SOCAR “ Media İctimai Birliyinin tərkibinə daxil edilmişdir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı aprelin 10-da keçirilən mətbuat konfransında ATV-nin prezidenti Vüqar Qaradağlı bildirmişdir ki, 2009-cu ildə yaradılmış “ATV İnternational” telekanalı bu illər ərzində səmərəli fəaliyyət göstərmişdir. Əsas vəzifəsi təbliğat və maarifləndirmə olan bu telekanal daha çox xarici ölkələrə yayımlanır.
Qarşıda duran məqsədlərdən danışan V.Qaradağlı demişdir ki, dünyanın müxtəlif ölkələrində müxbir məntəqələrinin açılması, yeni texniki avadanlığın alınması planlaşdırılmışdır. Kanal reklam gəlirləri əsasında fəaliyyət göstərmədiyinə görə, bu problemləri həll etməkdə çətinliklər yaranmış, “ATV İnternational”ın satışa çıxarılması qərara alınmışdır. Kanalın satışı ilə bağlı təkliflər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən dəyərləndirilmişdir.
ARDNŞ-ın vitse-prezidenti Xaliq Məmmədov bildirmişdir ki, qurum sosial layihə kimi fəaliyyət göstərəcəkdir. Kanalda verilişlərin 10 faizi Azərbaycan, 90 faizi region ölkələrinin dillərində yayımlanacaqdır. Kanal ən müasir texnologiyalarla təmin ediləcək və regionun lider televiziyasına çevriləcəkdir. Bu kanal SOCAR-ın biznes maraqlarını təmsil etməklə yanaşı, eyni zamanda dövlətin siyasətinin təbliğini həyata keçirəcəkdir.
“ATV İnternational” televiziya kanalının direktoru Azər Xəlilov bildirmişdir ki, bundan sonra “ATV İnternational” televiziya kanalı “CBC” (Caspian Broadcasting Company) adlandırılacaqdır. Kanal milli ideya, tolerantlıq ideologiyası əsasını üstün tutacaq və Azərbaycanın beynəlxalq təbliğatına geniş yer ayıracaqdır.
Sonda jurnalistlərin sualları cavablandırılmışdır.