İDMAN
AZƏRBAYCAN GİMNASTİKA FEDERASİYASININ BAŞ KATİBİ BEYNƏLXALQ FEDERASİYA ŞURASININ ÜZVÜ SEÇİLMİŞDİR
Helsinkidən şad xəbər gəlmişdir. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Beynəlxaq Gimnastika Federasiyasının (FİG) Helsinkidə keçirilən 77-ci konqresində iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Gimnastika Federasiyasının baş katibi Fərid Qaibov FİG Şurasının Avropadan üzvü seçilmişdir.
İlk dəfə olaraq Azərbaycanın nümayəndəsi Beynəlxaq Gimnastika Federasiyasının rəhbər orqanlarından birinin tərkibinə daxil olmuşdur. F.Qaibova 35 nümayəndə səs vermişdir və indi o, 4 il ərzində 20 ölkədən olan həmkarları ilə birlikdə Şuranın müxtəlif iclaslarında iştirak edəcəkdir.
F.Qaibov telefonla müsahibəsində ümidvar olduğunu bildirmişdir ki, qəbul olunacaq qərarlar həm gimnastikanın olimpiya idman növü kimi rolunun möhkəmlənməsinə, həm də beynəlxaq federasiyanın idman nüfuzunun və imicinin yüksəlməsinə xidmət edəcək.
Beynəlxalq Gimnastika Ferderasiyanının ali rəhbərliyində dəyişiklik baş verməmişdir. FİG-nin prezidenti yenidən italiyalı Bruno Qrandi, vitse-prezidentlər fransalı Mişel Leqliz, yaponiyalı Koji Takizava və Kanadanın nümayəndəsi Slava Korn seçilmişlər.
Bədii gimnastika üzrə texniki komitənin rəhbərliyi dəyişmişdir. İtaliyalı Eqle Abruzzinin əvəzinə TK-ya Polşa nümayəndəsi Mariya Şişkovska başçılıq edəcəkdir. Digər texniki komitələrin prezidentləri: kişilər arasında idman gimnastikası - Adrian Stoyka (Rumıniya), qadınlar arasında idman gimnastikası - Nelli Kim (Belarus), akrobatik gimnastika - Tonya Keys (ABŞ), tranplin-tranblinq - Horst Kunze (Almaniya).
Qeyd edək ki, konqres çərçivəsində Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənovun başçılıq etdiyi nümayəndə heyəti bir sıra görüşlər keçirmişdir. 2009-cu il mayın 15-17-də Bakıda keçiriləcək gimnastika üzrə Avropa çempionatı ilə bağlı da danışıqlar aparılmışdır.
Bu arada İtaliyanın Udine şəhərində bədii gimnastka üzrə beynəlxalq turnir başa çatmışdır. Azərbaycan gimnastı Zeynəb Cavadlı çoxnövçülükdə İtaliya idmançısı ilə 4-5-ci yerləri bölüşdürmüşdür.