İQTİSADİYYAT
“AZƏRİQAZ” İB İLƏ “AZQAZSERVİS” MMC ARASINDA MÜQAVİLƏ İMZALANMIŞDIR
Bakı, 28 yanvar (AZƏRTAC). Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, qurumun “Azəriqaz” İstehsalat Birliyi (İB) təbii qazdan istifadə haqqının yığılması, sayğac göstəricilərinin dəqiqləşdirilməsi, yaranmış borclar üzrə istehlakçıların vaxtında məlumatlandırılması, eləcə də təbii qazdan qeyri-qanuni istifadə hallarının aşkar edilərək aradan qaldırılması məqsədi ilə təsis edilmiş “Azqazservis” MMC ilə müqavilə imzalamışdır.
Tərəflər Bakı və Abşeron rayonları üzrə mövcud abonentlərə təbii qazın təminatı istiqamətində xidmət səviyyəsinin daha da yaxşılaşdırılması, yığım göstəricilərinin yüksəldilməsi və qaz itkisinin qarşısının alınması istiqamətində birgə səylərin daha da gücləndiriləcəyini bildirmişlər. Bununla əlaqədar, “Azəriqaz” İB abonentlərdən “Azqazservis” MMC-nin müvafiq vəsiqəsi olan və xüsusi geyimə malik işçilərinin həyət və mənzillərdəki, eləcə də müəssisə və obyektlərdəki mövcud qaz avadanlığı, sayğac və qaz xətlərinə baxış keçirmələrinə şərait yaradılmasını xahiş edir.