ELM VƏ TƏHSİL
AzMİU-da inşaat materialları müəssisələrinin problemləri müzakirə edilib
![](/files/galleryphoto/2018/3/1200x630/15406325982774211566_1200x630.jpg)
![](/files/galleryphoto/2018/3/1200x630/15408163326180122357_1200x630.jpg)
![](/files/galleryphoto/2018/3/1200x630/15406325981758823723_1200x630.jpg)
![](/files/galleryphoto/2018/3/1200x630/15406325982181463041_1200x630.jpg)
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) professor Bünyad Sərdarovun xatirəsinə həsr olunmuş “İnşaat materiallarının istehsal sahələrinin aktual problemləri və həlli yolları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, konfransda Türkiyə, Rusiya və Qazaxıstandan, habelə ölkəmizdə fəaliyyət göstərən aparıcı ali təhsil müəssisələrindən, elmi mərkəzlərdən, müxtəlif təşkilatlardan nümayəndələr, görkəmli alimlər iştirak ediblər.
Konfransda AzMİU-nun elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov görkəmli alim B.Sərdarovun ömür yoluna nəzər salıb, onun elmi fəaliyyətindən, universitet üçün gördüyü işlərdən danışıb.
BASF Caspian MMC-nin baş sponsorluğu ilə keçirilən tədbirdə baş direktor Tolqa Baysinop şirkət haqqında ətraflı məlumat verib. Bildirib ki, 2006-cı ildən Sumqayıtda fəaliyyət göstərən şirkət bütün inşaat sahələrini yüksək keyfiyyətli alman patentli kimyəvi məhsullarla təmin edir.
AzMİU-nun materialşünaslıq kafedrasının professoru, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin keyfiyyətin idarəedilməsi departamentinin direktoru Abbas Quvalov konfrans barədə məlumat verib, mövzunun aktuallığını şərh edib.
Plenar iclasda universitetin inşaat texnologiya fakültəsinin dekanı, texnika üzrə elmlər doktoru, professor Tahirə Haqverdiyevanın “Professor B.Sərdarovun inşaat elminin və təhsilinin inkişafında rolu” mövzusunda məruzəsi dinlənilib. İstanbul Texniki Universitetinin professoru Mehmet Ali Taşdemirin “Lifli və lifsiz beton qarışıqlarının keyfiyyətə uyğun dizaynı” və Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutundan texnika üzrə elmlər doktoru C.Camalovun “İnşaat materialları müəssisələrinin fəaliyyəti zamanı yaranan problemlər və onların həlli yolları” mövzularında məruzələri maraqla qarşılanıb.
Konfrans öz işini bölmələrdə davam etdirib.