MƏDƏNİYYƏT
Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları üçün əsas turizm istiqamətlərindən biridir
Bakı, 21 iyul, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyi Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu ilə birgə əməkdaşlıq çərçivəsində “Turizmin təşviqi” mövzusuna həsr edilmiş onlayn görüş keçirib.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, səfir Məhəmməd Əl Bluşi qonaqları salamlayaraq qeyd edib ki, iqtisadiyyat və turizm arasındakı əlaqə ümumilikdə qarşılıqlı asılı olan münasibətdir, çünki turizm fəaliyyəti ölkələr arasında ən mühüm iqtisadi və sosial fenomenlərdən biridir. Bu fəaliyyət onun geniş coğrafi ərazisi və müxtəlif turizm istiqamətləri ilə xarakterizə olunur.
“Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed bin Sultan Al Nahyan səhranı yaşıl məkana çevirmək baxışına sahib idi. Beləliklə, bu gün BƏƏ konfranslar, regional və beynəlxalq sərgilər, eləcə də, böyük qlobal idman tədbirləri üçün dünya səviyyəli bir məkandır. Prezident Şeyx Mohamed bin Zayed Al Nahyanın rəhbərliyi altında BƏƏ regionda turizm sənayesindəki mövqeyini möhkəmləndirmiş və görkəmli nəticələr və nailiyyətlər əldə etmişdir”, - deyə səfir əlavə edib.
Əmirliklərin Turizm Şurası və eko-turizm barədə ətraflı məlumat verən səfir diqqətə çatdırıb ki, Birləşmiş Ərəb Əmirlikləri zəngin təbii mühitə malikdir. Birləşmiş Ərəb Əmirlikləri təkcə böyük qum səhraları deyil, həm də dağlara, dərələrə, çimərliklərə də sahibdir. “Expo 2020 Dubai” barədə danışan səfir Azərbaycan pavilyonunun möhtəşəmliyini vurğulayaraq, belə yüksək səviyyədə təmsil olunduqları üçün minnətdarlığını ifadə edib.
“Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri müxtəlif sahələrdə uğurlu əməkdaşlığı davam etdirir. Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üçün əsas turizm istiqamətlərindən biridir. Həmçinin Birləşmiş Ərəb Əmirlikləri azərbaycanlıların ən sevimli turizm məkanlarından biridir”, - deyə səfir bildirib.
Görüşdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin beynəlxalq təşkilatlarla iş və protokol sektorunun müdiri Kənan Əliyev, Azərbaycan Turizm Bürosunun turizm sənayesi şöbəsinin müdiri Tural İbrahimov, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının və Azərbaycanda fəaliyyət göstərən özəl sektorun nümayəndələri də iştirak ediblər.