ELM VƏ TƏHSİL
Azərbaycan Memarlıq və İnşaat Universitetinin adı beynəlxalq reytinq sistemlərinə daxil edilib
Bakı, 21 iyun, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin adı (AzMİU) dördüncü dəfə U-Multirank beynəlxalq reytinq sisteminə daxil edilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, U-Multirank Avropa İttifaqı tərəfindən yaradılan ən böyük beynəlxalq reytinq sistemidir. Artıq 5-ci ildir ki, U-Multirank dünya universitetlərini müxtəlif parametrlər üzrə qiymətləndirir. Universitetlər müxtəlif kateqoriyalar üzrə ekspertlər tərəfindən qiymətləndirilir. AzMİU bu il Avropa ekspertləri tərəfindən qiymətləndirilərək 6 göstərici üzrə yüksək nəticə əldə edərək “B” kateqoriyasını alıb. Universitet ilk dəfə bu reytinqə 2015-ci ildə daxil olub.
AzMİU, eyni zamanda, 2010-cu ildən bu günə qədər hər il nəşr olunan Round University Ranking beynəlxalq reytinq sistemində ikinci dəfə yer alıb və texniki elmlər üzrə 582-ci yerdə qərarlaşıb. Azərbaycan universitetləri arasında AzMİU bu beynəlxalq reytinq sisteminə daxil olan yeganə universitetdir.