ELM VƏ TƏHSİL
Azərbaycan Universiteti payızda iki elmi konfrans keçirəcək
Bakı, 21 may, AZƏRTAC
Azərbaycan Universiteti payızda biri respublika, digəri isə beynəlxalq miqyaslı olmaqla iki elmi konfrans keçirəcək.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri” mövzusunda respublika konfransında davamlı inkişaf strategiyalarının müzakirəsi, bu istiqamətdə humanitar elmlərin qarşısında duran problemlərin müzakirə olunması nəzərdə tutulur.
Oktyabrın 24-də keçiriləcək konfrans ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunur. Təşkilat komitəsi məqalələri sentyabrın 27-dək qəbul edəcək.
Daha ətraflı məlumatla qeyd edilən linkdə http://au.edu.az/az/menu/325/ tanış olmaq mümkündür.
Noyabrın 28-də keçiriləcək “Gender problemi və müasir Azərbaycan” konfransının əsas məqsədi Azərbaycanda gender bərabərliyinin təmin olunması məsələsini diqqət mərkəzində saxlamaq, bu sahədə elmi nailiyyətləri və təcrübələri paylaşmaq, mövcud problemlərin təhlili və onların həll yolları üçün təkliflər irəli sürülməsini təmin etmək, ölkədə qazanılan uğurları beynəlxalq təcrübə ilə müqayisə etməkdən ibarətdir. 2017 və 2018-ci illərdə respublika miqyasında keçirilən tədbirin bu ildən etibarən beynəlxalq statusda təşkil olunması nəzərdə tutulur. Bu, konfransa göstərilən maraq və diqqətdən qaynaqlanır. İki konfransın təcrübəsi göstərdi ki, bu sahəyə maraq böyükdür və mütəxəssislərin müzakirə etmək üçün xeyli ideya və yanaşmaları mövcuddur.
Konfransa məqalələrin göndərilməsi üçün son tarix oktyabrın 28-dir.
Daha ətraflı məlumat üçün konfransın səhifəsinə keçid: http://au.edu.az/az/menu/336/