MƏDƏNİYYƏT


Azərbaycanın incəsənət xadimləri Avstriya dövləti tərəfindən ordenlərlə təltif edilib

Bakı, 8 iyul, AZƏRTAC

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev Avstriya Respublikasının "Böyük fəxri ordeni" və xalq rəssamı Natiq Əliyev bu ölkənin "Qızıl fəxri ordeni" ilə təltif edilib. Avstriyanın ölkəmizdəki səfirliyində ordenlərin təqdimat mərasimi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, incəsənət xadimlərinə ordenləri Avstriyanın ölkəmizdəki səfiri Aksel Vex təqdim edib.

Tədbirdə çıxış edən səfir Çingiz Fərzəliyev və Natiq Əliyevə Avstriya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafında verdiyi töhfələr, görülən işlərə görə öz hökuməti adından təşəkkürünü bildirib, bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə inamını ifadə edib.

Aksel Vex Vyanada dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin, Bakıda isə Avstriya bəstəkarı Volfqanq Amadeus Motsartın abidələrinin ucaldılmasının iki ölkə və xalq arasında dostluq münasibətlərinin göstəricisi olduğunu söyləyib.

V.A.Motsartın abidəsinin hazırlanmasında rəssam Çingiz Fərzəliyev və heykəltəraş Natiq Əliyevin rolu vurğulanıb, incəsənət xadimlərinin öz ölkələri və dünya incəsənəti xəzinəsinə verdikləri töhfə yüksək qiymətləndirilib. Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi xüsusi qeyd edilib.

Çingiz Fərzəliyev və Natiq Əliyev Aksel Vexin simasında Avstriya hökumətinə yüksək diqqət və etimada görə dərin təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, 2006-cı il mayın 30-da Avstriyanın paytaxtı Vyana şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstünün, 2011-ci il oktyabrın 12-də isə Bakıda dahi Avstriya bəstəkarı Volfqanq Amadeus Motsartın xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçirilib. V.A.Motsatrın abidəsinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Avstriya Prezidenti Haynts Fişer iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.