SİYASƏT
Azərbaycanın və Gürcüstanın ədliyyə orqanları arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
Tbilisi, 1 iyul, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin ədliyyə naziri Rati Breqadze ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında ədliyyə və hüquq-mühafizə orqanları arasında əlaqələrin inkişaf perspektivləri, müxtəlif sahələrdə əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.
Nazir Gürcüstanın ədliyyə sistemində həyata keçirilən islahatlar barədə məlumat verib, ölkəsinin ədliyyə sahəsində Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib. Müzakirələr zamanı hər iki ölkənin ədliyyə nazirlikləri arasında əməkdaşlıq və gələcək planlar barədə fikir mübadiləsi aparılıb.
Səfir Faiq Quliyev Azərbaycanın Gürcüstan ilə əlaqələrin bütün sahələrdə, o cümlədən ədliyyə və hüquq sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi