İDMAN
“B” qrupunda səkkizdəbir final uğrunda mübarizə: İspaniya, Portuqaliya, yoxsa İran?
Bakı, 25 iyun, AZƏRTAC
İyunun 25-də - Rusiyada keçirilən futbol üzrə dünya çempionatının on ikinci gününə son iki oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, “B” qrupda sonuncu turda İran-Portuqaliya və İspaniya-Mərakeş görüşləri keçirilir.
“B” qrupunda səkkizdəbir finala yüksəlmək uğrunda üç komandanın – İspaniya və Portuqaliya ilə yanaşı, İranın da şansı olduğundan sonuncu turda mübarizənin gərgin keçəcəyi gözlənilir.
“B” qrupunda hazırda hərəyə dörd xala malik İspaniya və Portuqaliya yığmaları liderlik edirlər. Üç xala malik İran səkkizdəbir finala yüksəlmək üçün mütləq Portuqaliyaya qalib gəlməlidir.
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo komandasının bu mundialdakı bütün qollarının müəllifidir. Onun aktivində dörd qol var.
İspaniya yığması ilə sonuncu görüş Mərakeş millisi üçün formal xarakter daşıyır. Bu komanda İrana və Portuqaliyaya eyni hesabla (0:1) uduzub.
“Kalininqrad Arena”da oynanılan İspaniya-Mərakeş oyununda ispaniyalıların baş məşqçisi Fernando Hierro ilk “onbirlik”də David De Xeya, Jerar Pike, Serxiyo Ramos, Jordi Alba, Dani Karvaxal, Tiaqo Alikantara, Serxiyo Buskets, İsko, David Silva, Andres İnyesta, Dieqo Kostaya şans verib.
Mərakeş millisinin start heyətində meydana El-Kajui, Romen Sais, Manuel Da Koşta, Nabil Dirar, Əşrəf Həkimi, Kərim Əl-Əhmədi, Mbark Bussufa, Nürəddin Amrabat, Həkim Zuex, Yunes Belanda, Xalid Butaib çıxıblar.
Görüşü özbəkistanlı referi Ravşan İrmatov idarə edir.
X X X
İran və Portuqaliya yığmaları “Mordoviya Arena”da qarşılaşırlar. Paraqvaylı referi Enrike Kaseres idarə etdiyi oyunda iranlıların start heyətində Beyranvand, Purliqanci, Məcid Hüseyni, Ramin Rezaeyan, Ehsan Həcsəfi, Səid Ezatolaxi, Omid İbrahimi, Əlireza Cahanbaxş, Mehdi Terami, Vahid Əmiri, Sərdar Azmun meydana çıxıblar.
Portuqaliya yığmasının start heyətində isə Rui Potrisiyo, Pepe, Joze Fonte, Sedrik Soareş, Rafayel Qerero, Vilyem Karvalyo, Adriyen Silva, Rikardo Quareşma, Joau Mario, Kriştiano Ronaldo, Andre Silva yer alıblar.
İspaniya-Mərakeş qarşılaşması Azərbaycan Televiziyasında, İran-Portuqaliya oyunu isə İdman Azərbaycan və İctimai Televiziyada canlı yayımlanır.