MƏDƏNİYYƏT


Bakıda “Azərbaycan incəsənəti minilliklər boyu” sərgisi açılmışdır

Bakı, 25 oktyabr (AZƏRTAC). Oktyabrın 25-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyinin yeni korpusunda “Azərbaycan incəsənəti minilliklər boyu” sərgisi açılmışdır. 

AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində görkəmli mədəniyyət və incəsənət xadimləri, tanınmış ziyalılar iştirak etmişlər.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev demişdir ki, Azərbaycanda muzey işinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir.

Nazir “Azərbaycan incəsənəti minilliklər boyu” sərgisinin ölkəmizin muzey işində çox böyük hadisə olduğunu bildirmişdir. Diqqətə çatdırılmışdır ki, bu baxımdan Prezident İlham Əliyevin “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli Sərəncamı milli-mədəni sərvətlərimizin qorunması, muzey fondlarında mühafizə olunan qiymətli eksponatlar və sənət yadigarlarının gələcək nəsillərə çatdırılması işində mühüm keyfiyyət dəyişikliyinə təkan vermişdir.

Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov da sərginin əhəmiyyətindən danışmışdır. O, Azərbaycan Milli İncəsənət Muzeyinin yeni inşa olunan keçid korpusunun xalqımızın əsrlər boyu yaratdığı sənət nümunələrinin qorunmasına əvəzsiz töhfələr verəcəyini vurğulamışdır.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov isə demişdir ki, artıq paytaxt Bakı bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir. Azərbaycan xalqının milli-mədəni sərvətlərinin toplandığı bu muzeylə, eləcə də sərgi ilə tanışlıq xarici qonaqlarda ölkəmizin mədəniyyəti haqqında zəngin təsəvvür formalaşdıracaqdır.

Çıxışlarda yekdilliklə belə bir fikir vurğulanmışdır ki, Azərbaycan Milli İncəsənət Muzeyinin yeni korpusunda təşkil olunan sərgi bu sahəyə dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğının əyani təzahürüdür.

Sonra mərasim iştirakçıları sərgiyə baxmışlar.

Sərgidə Azərbaycan xalqının dini görüşləri, əmək fəaliyyəti və ətraf mühitə münasibətini əks etdirən sənət nümunələri-göyərçin, tovuz quşu, keçi fiqurları nümayiş olunur. Göygöl, Beyləqan, Naxçıvan, Qazax, Şabran və s. yerlərdə arxeoloji qazıntılar zamanı aşkar edilmiş ilk tunc və dəmir dövrünə aid eksponatlarla yanaşı, XI-XIX əsrlərdə hazırlanmış yüksək bədii metal nümunələri də ekspozisiyada yer almışdır.

Ekspozisiyada, həmçinin metaldan, ağacdan, sümükdən, daşdan düzəldilmiş əşyalar, xalça və xalça məmulatları, tikmələr, milli geyim nümunələri də vardır. Gündəlik istifadə olunan bu məişət əşyaları həm də yüksək sənət nümunələri kimi xalqın zövqünü, inancını və həyata baxışlarını əks etdirir.

Sərgidə XIX və XX əsrlərdə yaşayıb-yaratmış görkəmli Azərbaycan rəssamlarından Abbas Hüseyni, Əkbər Şərgizad Təbrizi, Mirzə Qədim İrəvani, Bəhruz Kəngərli, Əzim Əzimzadə və Mir Möhsün Nəvvabın əsərləri də yer almışdır.

Sərgi çərçivəsində muzeyin işçiləri tərəfindən hazırlanmış “Azərbaycan el sənəti” kitabı da təqdim edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.