MƏDƏNİYYƏT
Bakıda “Budo ruhu - Yaponiya döyüş sənətinin tarixi”adlı sərgi açılmışdır
Bakı, 3 fevral (AZƏRTAC). Fevralın 3-də Milli İncəsənət Muzeyində Mədəniyyət və Turizm Nazirliyi, Yaponiyanın Azərbaycandakı səfirliyi, Yaponiya Fondunun birgə təşkilatçılığı ilə “Budo ruhu - Yaponiya döyüş sənətinin tarixi” adlı səyyar sərgi açılmışdır.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe sərgi haqqında məlumat vermişdir. Bildirmişdir ki, sərgi Azərbaycan ilə Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə təşkil edilmişdir.
Səfir Şusuke Vatanabe, həmçinin keçənilki zəlzələdən sonra Azərbaycan tərəfindən göstərilmiş dəstəyə görə təşəkkürünü bildirmişdir. O, Yaponiyada bərpa işlərinin davam etdiyini söyləyərək muzeydə “Tohoku. Sabaha daha yaxşı dirçəlişlə” adlı xüsusi fotosərginin də təşkil olunduğunu diqqətə çatdırmışdır. Demişdir ki, ziyarətçilər burada gedən bərpa prosesləri ilə tanış ola bilərlər.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bugünkü sərginin xüsusi əhəmiyyət kəsb etdiyini söyləmişdir. Bildirmişdir ki, sərgi böyük tarixə, ənənələrə malik bir xalqın fəlsəfəsini ifadə edir. Azərbaycan dünyanın bir parçası, bəşər ailəsinin bir üzvü olaraq Yaponiya mədəniyyətinin daxilən dərk edilməsi və duyulması üçün belə sərgilərin keçirilməsinə böyük maraq göstərir.
Nazir diqqətə çatdırmışdır ki, sərgidə nümayiş olunan döyüş sursatlarının bugünkü həyatımıza və idmana müsbət təsiri vardır. Azərbaycan idmançıları Yaponiyanın müxtəlif idman növlərinə maraq göstərirlər. Bu sərgi təkcə bir döyüş, idman növü kimi deyil, həmçinin daxili fəlsəfəni ifadə etmək üçün təşkil edilmişdir.
Əbülfəs Qarayev sərginin təşkilinə görə səfir Şusuke Vatanabeyə təşəkkürünü bildirmişdir.
Sonra sərgiyə baxış olmuşdur.
Yaponiya Fondu dünyanın 130-dan çox ölkəsi ilə mədəni əlaqələr yaratmışdır. Səyyar sərgi dünyanın bir çox böyük şəhərlərində - Fransanın Paris, Nitse, Rusiyanın Moskva, Vladivostok, Xabarovsk, Krasnoyarsk, Türkiyənin İstanbul, Ankara, İzmir, Bosniya və Herseqovinanın Sarayevo, Braziliyanın Rio de Janeyro, Kanadanın Toronto, Meksikanın Mexiko şəhərlərində, ABŞ-ın Miçiqan, İndiana ştatlarında və s. yerlərdə böyük maraqla qarşılanmışdır.
Xaricdə döyüş sənətinə olan marağı nəzərə alaraq “Budo ruhu - Yaponiya döyüş sənətinin tarixi” adlı səyyar sərgi dəsti yeni əsasnamədə təqdim olunmuşdur.
Sərgi döyüş meydanında vuruş üsullarından (döyüş texnikası) olan budodan tutmuş Yaponiyanın döyüş texnikası tarixinə qədər geniş mühiti əhatə edir. Sərgi iki hissədən ibarətdir. Birinci hissədə ox, yay, zirehli paltar, baş dəbilqəsi kimi döyüş əşyalarının əsli və ya reproduksiyası nümayiş olunmaqla VIII əsrdən XIX əsrədək olan dövrdə döyüş sənətindəki dəyişikliklər izah edilir.
İkinci hissədə isə XIX-XX əsrlərdə “bucyutsu” sözünün “budo” sözünə necə dəyişildiyi və yaponların gündəlik həyatında budo ruhunun necə əks olunduğu izah edilir.
Sərgidə 9 “budo” növü və onlar üçün istifadə olunan alətlər də nümayiş olunur.
Səyyar sərgi bir ay davam edəcəkdir.