MƏDƏNİYYƏT
Bakıda “In Between” müasir Avstriya incəsənəti sərgisi açılmışdır
Bakı, 29 sentyabr (AZƏRTAC). R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində “In Between” müasir Avstriya incəsənəti sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Avstriya Təhsil, İncəsənət və Mədəniyyət Federal Nazirliyinin və Azərbaycan Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə keçirilən sərgidə müasir Avstriya rəssamlıq sənətini təmsil edən 36 rəssamın 40-dan çox əsəri nümayiş etdirilir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərginin açılış mərasimində çıxış edərək bu günlər Azərbaycanın mədəni həyatının bir-birindən maraqlı tədbirlərlə zəngin olduğunu bildirmişdir. Qeyd etmişdir ki. Dünya Turizm Günü ilə əlaqədar rəngarəng tədbirlərin keçirilməsi ilə eyni vaxtda 120 yerli, 35 xarici olmaqla, ümumilikdə, 25 ölkənin çap işi ilə məşğul olan qurumların təmsilçilərinin iştirak etdikləri İkinci Bakı Beynəlxalq kitab-sərgi-yarmarkası açılmışdır.
Nazir Bakıda dost ölkənin rəssamlarının əsərlərindən ibarət “In Between” adlı müasir incəsənət sərgisinin açılmasını yüksək qiymətləndirmişdir. Vurğulamışdır ki, Azərbaycanın və Avstriyanın birgə layihəsi olan bu sərgi ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da genişlənməsinə böyük töhfə verəcəkdir.
Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiç, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı, akademik Ömər Eldarov təqdim olunan ekspozisiyaların müəlliflərinin yüksək bədii potensialları barədə danışmışlar. Qeyd edilmişdir ki, onların hamısı, Avstriyada və ya onun sərhədlərindən kənarda yaşamalarından asılı olmayaraq, dünyəvi proseslərdə baş verən dünyəvi oyunların iştirakçılarıdırlar. Onlar Vyana və Berlində yaşayır, Tokio, Nyu-York, London və Şanxayda rəssamlarla işləyirlər. Gənc nəsil çox rahatlıqla dünya səyahətinə çıxır, nəinki Avropa, həmçinin “qlobal” mədəniyyətdən də ilhamlanırlar. Media əlaqələrinin sayəsində onlar geniş əlaqələr saxlayır, yaxın münasibətlər qurur və bu da Avstriyaya digər məkanlarda da olmağa imkan yaradır.
Bildirilmişdir ki, Avstriyanın “In Between” adlı müasir incəsənət sərgisi bir neçə əsas mövzuya toxunur. Bundan əlavə, ölkənin müasir incəsənətinin azad seçim və ya özünü ifadə etmənin üsullarından ibarət olan mövqelərini nümayiş etdirir.
“In Between” sərgisi indiyədək İsrail, Xorvatiya, Çernoqoriya, Kipr, Macarıstan, Türkiyə, Lixtenşteyn, Avstriya, Belçika və Litva və digər ölkələrdə nümayiş etdirilmiş və böyük uğur qazanmışdır.
Sərgi oktyabrın 14-dək davam edəcəkdir.