ELM VƏ TƏHSİL
Beynəlxalq elmi konfransda Qarabağda aparılmış arxeoloji tədqiqatlardan danışılıb
![Beynəlxalq elmi konfransda Qarabağda aparılmış arxeoloji tədqiqatlardan danışılıb](/files/2019/3/1200x630/15750100553910158093_1200x630.jpg)
Bakı, 29 noyabr, AZƏRTAC
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Avrasiya mədəni məkanında əlaqə və qarşılıqlı təsir kontekstində Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Sibirin qədim dövrü (yeni məlumatlar və konsepsiyalar)” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, konfransda Rusiya Federasiyası, Moldova, ABŞ, Almaniya, Fransa, Özbəkistan, İtaliya, Gürcüstan və digər ölkələrin tanınmış arxeoloqları iştirak ediblər.
Beynəlxalq elmi konfransda Azərbaycanı Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları - tarix üzrə elmlər doktoru Tufan Axundov, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov və Xəzər Universitetinin tarix və arxeologiya departamentinin müdiri, tarix üzrə fəlsəfə doktoru Roza Arazova təmsil ediblər.
Tufan Axundov məruzəsində (“Cənubi Qafqazın neoliti”) regionun neolit mədəniyyətlərinin xüsusiyyətləri, Şomutəpə və Qarabağ neolit mədəniyyətlərinin genezis proseslərinə toxunub.
Xəqani Alməmmədov məruzəsində Qarabağ neolitinin regional xüsusiyyətləri, erkən əkinçi-maldar tayfaların məskunlaşmasının paleoekoloji və paleocoğrafi aspektlərindən danışıb, həmçinin son dövrlərdə Qarabağda aparılan arxeoloji tədqiqatlar barədə beynəlxalq konfrans iştirakçılarına məlumat verib. Qeyd olunub ki, son dövrlərdə Qarabağda abidələrin qeydiyyatı üzrə tədqiqatlar ümumi sahəsi 3600 kvadratkilometr olan ərazini əhatə edib.
Roza Arazovanın elmi məruzəsi isə Cəlilabad rayonu ərazisindəki Neolit dövrü Əliköməktəpə məskəninin Cənubi Qafqaz neolit mədəniyyətləri abidələri ilə müqayisədə özünəməxsus xüsusiyyətləri mövzusunda olub.
Azərbaycanlı alimlərin elmi məruzələri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.