SİYASƏT


Çexiyanın Xarici İşlər naziri Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları barədə məlumatlandırılıb

Bakı, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 15-də qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə Çex Respublikasının Xarici İşlər naziri Tomas Petriçek arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı zamanı nazir Ceyhun Bayramov çexiyalı həmkarına Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsi pozmaqda davam etməsi barədə məlumat verib. Münaqişə zonasından uzaqda yerləşən Azərbaycan şəhərlərinin, dinc əhalinin, mülki infrastrukturun məqsədyönlü şəkildə atəşə tutulması, Gəncəyə raket hücumu və onun ağır nəticələri Çexiya Xarici İşlər nazirinin diqqətinə çatdırılıb. Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü nəticəsində 43 mülki şəxsin həlak olduğu və 218 mülki şəxsin yaralandığı vurğulanıb.

Nazir Ceyhun Bayramov, həmçinin həmsöhbətinə Ermənistanın Azərbaycan mülki vətəndaşlarına və infrastrukturlarına qarşı növbəti raket hücumlarının qarşısının alındığı barədə məlumat verib, Azərbaycanın özünümüdafiə hüququ çərçivəsində hərəkət etdiyini bildirib. Bildirib ki, bölgədəki mövcud vəziyyətə görə tam məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Çexiyanın Xarici İşlər naziri Tomas Petriçek mülki insanların ölümü ilə bağlı ciddi narahatlığını ifadə edib. O, atəşkəsə riayət olunmasının və tərəflər arasında danışıqların bərpa edilməsinin vacibliyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.