Aslan Cəfərov: Gənclər Kitabxanasında Səməd Vurğunun söz xəzinəsi yenidən canlanır
Bakı, 17 iyun, AZƏRTAC
Bildiyimiz kimi, bu il XX əsr Azərbaycan poeziyasının ideya-estetik əsaslarını müəyyənləşdirən böyük şair, mütəfəkkir, akademik, Xalq şairi, görkəmli dramaturq və ictimai xadim Səməd Vurğunun anadan olmasının 120 illiyi tamam olur. Prezident İlham Əliyevin Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinin keçirilməsinə dair imzaladığı müvafiq Sərəncamının icrası ilə əlaqədar, Mədəniyyət Nazirliyi tərəfindən təsdiqlənmiş “Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə dair Tədbirlər Planı”na əsasən, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən silsilə maarifləndirici və mədəni layihələr həyata keçirilir.
Bu barədə AZƏRTAC-a açıqlamasında Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov məlumat verib.
O bildirib ki, kitabxana tərəfindən hazırlanmış “Ömür və ədəbiyyat: Səməd Vurğun irsinə baxış” adlı videomaterialda görkəmli ədibin həyat və yaradıcılığı geniş şəkildə təqdim olunur; şairin zəngin ədəbi irsi, dramaturji fəaliyyəti və Azərbaycan ədəbiyyatına verdiyi töhfələr ətraflı işıqlandırılır. Eyni zamanda, onun müxtəlif illərdə layiq görüldüyü orden və medallar, mükafatlar və fəxri adlar haqqında da məlumat verilir. Kitabxana əməkdaşlarının hazırladığı videomaterialda şairin fotoşəkilləri və arxiv videogörüntüləri də izləyicilərə təqdim edilir.
“Bununla yanaşı, kitabxananın rəsmi saytında “Səməd Vurğun – 120” adlı elektron resurslar bazası yaradılıb. Bazada internet məkanında Səməd Vurğunun həyat və yaradıcılığı haqqında dərc edilən materiallar toplanır. İstifadəçilər işlək keçidlər vasitəsilə məqalələrin tam mətni ilə tanış ola bilərlər”, - deyə direktor qeyd edib.