Norveçin vəliəhd şahzadəsinə uğurlu ağciyər transplantasiyası edilib
Stokholm, 17 iyun, AZƏRTAC
Norveçin vəliəhd şahzadəsi Mette-Maritin ağciyər transplantasiyası əməliyyatı uğurla keçib. Bu barədə Norveç Kral Sarayı məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, bundan əvvəl həkimlər xroniki ağciyər xəstəliyi – ağciyər fibrozu diaqnozu qoyulan şahzadənin vəziyyətinin ciddi dərəcədə pisləşdiyini bildirmişdilər. Onların qiymətləndirməsinə görə, transplantasiya həyata keçirilməsəydi, onun ömrünün bir ildən az qalacağı ehtimal olunurdu. Əməliyyat Oslodakı Rikshospitalet Universitet Xəstəxanasında aparılıb. Torakal cərrahiyyə şöbəsinin rəhbəri Arnt Fianenin sözlərinə görə, transplantasiya uğurla baş tutub. Bununla belə, Mette-Marit bərpa prosesi, müalicənin düzgün aparılması və mümkün ağırlaşmaların qarşısının alınması məqsədilə həkim nəzarəti altında daha bir neçə həftə xəstəxanada qalmalı olacaq.
Mütəxəssislər xatırladırlar ki, ağciyər transplantasiyası mürəkkəb və riskli prosedurdur. Bu əməliyyatdan sonra pasiyentlər ömürboyu dərman qəbul etməli və mütəmadi tibbi müayinələrdən keçməlidirlər.
Müalicənin aparıldığı müddətdə şahzadənin həyat yoldaşı, vəliəhd şahzadə Haakon onun yanında olmaq üçün rəsmi tədbirlərdə iştirakını məhdudlaşdıracaq. Kral ailəsi, həmçinin göstərilən dəstəyə və xoş arzulara görə hər kəsə təşəkkürünü bildirib.
Mette-Maritin səhhəti ilə bağlı növbəti məlumat onun xəstəxanadan evə buraxılmasından sonra açıqlanacaq.