Fövqəladə hallar zamanı əhalinin mühafizəsinin təşkilinə dair nümunəvi dərs keçirilib
Bakı, 21 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi fevralın 21-də fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətlərin təkmilləşdirilməsi istiqamətində Azərbaycan Memarlıq və İnşaat Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, nümunəvi dərs nəzəri və praktik olmaqla iki hissədən ibarət olub.
Tədbiri giriş sözü ilə açan Universitetin elm və texnika işləri üzrə prorektoru, texnika elmlər doktoru, professor Arif Şərifov mülki müdafiənin təşkilinin vacibliyini, bu sahədə əhalinin maarifləndirilməsinin əhəmiyyətini vurğulayıb, nümunəvi dərsin işinə uğurlar arzulayıb.
Nəzəri hissədə Bakı Regional Mərkəzinin və Mülki Müdafiə Qoşunlarının nümayəndələri əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili, fərdi mühafizə vasitələri, kəşfiyyat və dozimetrik nəzarət cihazları barədə məlumatlar təqdimatlarla tədbir iştirakçılarına çatdırıb, mövzu ətrafında iştirakçılar tərəfindən verilən suallara cavab verilib.
Praktiki hissədə isə axtarış-xilasetmə avadanlığı, fərdi mühafizə vasitələri, kəşfiyyat və dozimetrik nəzarət cihazları nümayiş etdirilib, onların təyinatı və iş prinsipləri barədə məlumat verilib.