İDMAN


Gövhər Beydullayeva: Bu qələbə gələcək uğurlar üçün daha həvəslə çalışmağa kömək edəcək

Bakı, 25 may, AZƏRTAC

Azərbaycan çempionatı yüksək rəqabət şəraitində keçdi. İştirakçıların əksəriyyəti qadınlar arasında qrosmeyster dərəcəsinə sahib idi. Ona görə aşkar favorit olmadı. Müxtəlif illərdə ölkə çempionatında ikinci və üçüncü yerləri tutmuşam. Bu dəfə çempion olmağı arzulayırdım. İlk üç tur planlaşdırdığım kimi alındı. Sonradan oyunlar nisbətən çətinləşdi. Çox sevinirəm ki, çempion oldum. Bu qələbə gələcək uğurlarım üçün daha həvəslə çalışmağa kömək edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatının qalibi Gövhər Beydullayeva yarışın yekun nəticələri ilə bağlı Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına bildirib.

Karyerasında ilk dəfə ölkə çempionatında qızıl medal qazanan 19 yaşlı şahmatçı yarışda ikinci yeri tutan Ləman Hacıyeva barədə fikirlərini bölüşüb. Azərbaycan çempionu rəqibinin yüksək oyun keyfiyyətlərinə malik olduğunu söyləyib: “Ləmanı reytinqi 2200 olan şahmatçı kimi qəbul edirəm. Aşağı reytinqinin olmasına baxmayaraq yüksək oyun keyfiyyətlərinə malikdir. Fikrimcə bir qədər təcrübəsi çatmadı. Bununla belə gümüş medal qazanmaq yaxşı nəticədir. Həmkarımı təbrik edirəm, gələcək yarışlarda uğurlar arzulayıram”.

Çempion beşinci turda Ləman Hacıyevaya məğlubiyyətin ona təsirsiz ötüşmədiyini deyib: “Ləmana qarşı yaxşı hazırlaşmışdım. Sadəcə partiya istədiyim kimi alınmadı. Nəticədə uduzdum. Amma yaxınlarım məğlubiyyətdən sonra həvəsdən düşməyə imkan vermədilər”.

Şahmatçı qeyd edib ki, ona hər zaman inanan atası bu dəfə də onu mübarizəyə ruhlandırıb. Hazırlığı üçün məşqçisi Rəsul İbrahimov, Fikrət Sideifzadəyə minnətdarlıq edən G.Beydullayeva şahmatçılardan Məhəmməd Muradlı, Aydın Süleymanlının dəstəyini hiss etdiyini vurğulayıb: “Onların ümidini doğrultduğum üçün sevinirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.