CƏMİYYƏT
İsmayıllıda Vətən müharibəsi şəhidi Aqil Mirzəliyevin ailə üzvləri ziyarət edilib
Bakı, 23 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov İsmayıllı şəhərində şəhid Aqil Mirzəliyevin ailəsini ziyarət edib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, şəhidin ailəsi zəruri sosial dəstək tədbirləri ilə əhatə olunmaqla yanaşı, sosial ödənişlərlə də təmin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhidimizin ailəsi 2 otaqlı mənzillə təmin olunub.
Ziyarət zamanı Aqil Mirzəliyevin vətənpərvərliyindən, həmçinin keçdiyi şərəfli döyüş yolundan danışılıb. Onun xatirəsinin daim əziz tutulacağı, ailənin bundan sonra da qayğı ilə əhatə olunacağı vurğulanıb.
44 günlük Vətən müharibəsinin ilk günlərindən haqq savaşında iştirak edən Aqil Murovdağ, Cəbrayıl, Füzuli və Hadrut istiqamətlərində gedən şiddətli döyüşlərdə şücaət göstərib.
Qeyd edək ki, Aqil Mehman oğlu Mirzəliyev 1999-cu ildə İsmayıllı rayonunda anadan olub. Ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2020-ci il oktyabrın 20-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən gərgin döyüşlərin birində qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin Sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət“ ordeni, “Vətən uğrunda”, ”Cəsur döyüşçü”, ”Füzulinin azad olunmasına görə”, ”Kəlbəcərin azad olunmasına görə” və ”Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.