İQTİSADİYYAT
İstanbulda Azərbaycanın sədrliyi ilə QDİƏT-in ilk iclası keçirilib
İstanbul, 13 iyul, AZƏRTAC
Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi dövründə təşkilatın ilk iclası QDİƏT-in İstanbuldakı mənzil-qərargahında keçirilib.
Sədrlik müddətində nəzərdə tutulan tədbirlərin təqviminin və ölkəmizin prioritetlərinin elan olunduğu iclasda Azərbaycanın İstanbuldakı baş konsulu və eyni zamanda, QDİƏT yanında daimi nümayəndəsi Məsim Hacıyev, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və baş konsulluğun əməkdaşları iştirak ediblər.
Azərbaycanın İstanbuldakı diplomatik nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, iclasdan sonra QDİƏT-də sədrlik səlahiyyətinin ölkəmizə keçməsi münasibətilə ziyafət verilib.
Qeyd edək ki, cari il iyulun 1-dən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib. Ölkəmizin QDİƏT-dəki sədrlik müddəti 2019-cu il yanvarın 1-dək davam edəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul