MƏDƏNİYYƏT
“Jara-2018”: bənzərsiz ifalar, sürpriz duetlər, hərarətli alqışlar YENİLƏNİB VİDEO
Bakı, 28 iyul, AZƏRTAC
Bakıda, Xəzərin qumlu sahilindəki “Sea Breeze” istirahət mərkəzində “Jara-2018” Beynəlxalq Musiqi Festivalının üçüncü gününün konsert proqramı təqdim edilib.
Coşqun musiqi, Xəzər sahilinin füsunkar mənzərəsi bir məkanda birləşərək, həm festival iştirakçılarına, həm də tamaşaçılara unudulmaz anlar yaşadıb. “Jara” bu isti iyul günlərində Bakının mədəni həyatına özünəməxsus hərarət gətirir. Bənzərsiz ifalar, sürpriz duetlər, yeni aranjemanlar, maraqlı performanslar, hərarətli alqışlar...
AZƏRTAC xəbər verir ki, iyulun 28-də festivalda Manana, Səmra, Timur Rodrigez, Yulianna Karaulova, EMIN, A’Studio və Jah Khalibin dueti, Aleks Malinovski, Aleksandr Panayotov, Aleksey Çumakov, Yuliya Kovalçuk, Karina Xvoynitskaya, Kravts, İrina Dubtsova, Band’Eros, Mari Kraymbreri, MONATIK, Elvira T., Jak Entoni, Qlyuk'oza, Brendon Horvard, Slava, Djiqan, Ani Lorak, Jasmin və başqaları öz ifaları ilə tamaşaçılara xoş anlar yaşatdılar. Bu il festivala qatılan "Leninqrad" qrupu Bakıda ilk dəfə çıxış etdi.
Müğənnilər çıxışlarından sonra səmimi qonaqpərvərliyə görə təşəkkür edir, festivalda gözəl əhval-ruhiyyənin olduğunu vurğulayır, bu musiqi bayramında bir daha iştirak edəcəklərini söyləyirdilər.
Festivalın üçüncü günü gənc istedadların çıxışları ilə də yadda qaldı. Bənzərsiz mahnılar, tamaşaçıların da ifalara qoşulması, rəqslər əsl bayram əhval-ruhiyyəsi yaratdı. Burada hər kəs yayın isti günüdə bir daha, sözün əsl mənasında, "Jara" hərarətini yaşadı.
Xatırladaq ki, festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.