MƏDƏNİYYƏT


Kitabxanada Cəfər Cabbarlının anadan olmasının 124-cü ildönümü münasibətilə tədbir təşkil edilib

Bakı, 17 mart, AZƏRTAC

Respublika Gənclər Kitabxanasında “GUYS” Gənclər Təşkilatı ilə birlikdə görkəmli dramaturq, şair, nasir Cəfər Cabbarlının anadan olmasının 124-cü ildönümü münasibətilə tədbir təşkil edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Cəfər Cabbarlı yaradıcılığının gənclər arasında təbliği və əsərlərinin müzakirəsi məqsədilə təşkil edilən tədbirdə Cəfər Cabbarlı adına ev-muzeyin əməkdaşları, gənclər təşkilatının fəalları və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov 1937-ci ildən Cəfər Cabbarlının adını daşıyan Respublika Gənclər Kitabxanasında Azərbaycan mədəniyyətinin, ədəbiyyatının görkəmli nümayəndələrinə həsr edilən tədbirlərin keçirilməsi zəruriyyətini vurğulayaraq, bugünkü tədbirdə iştirakına görə dramaturqun ev-muzeyinin rəhbəri, Cəfər Cabbarlının nəvəsi Qəmər xanım Seyfəddinqızına təşəkkürünü bildirib. A.Cəfərov "Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin Sərəncamında böyük sənətkarın “Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq” kimi dəyərləndirildiyini, onun yaradıcılığının ideya-estetik əsasları və müasirliyi haqqında qiymətli mülahizələrin yer aldığını söyləyərək, Cəfər Cabbarlının ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələr haqqında danışıb. Heç şübhəsiz, Cəfər Cabbarlının XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri olduğunu, klassik ədəbi mühitdə yazıb-yaradan ədibin ədəbiyyatın milli ənənələrini qorumaqla yanaşı, daim yenilik və müasirlik uğrunda mübarizə apardığını, heç bir halda əqidəsindən, qarşısına qoyduğu, bəzən həll edilməsi mümkünsüz görünən məqsədlərindən, amalından dönmədiyini bildirib.

Cəfər Cabbarlının ev-muzeyinin rəhbəri Qəmər Seyfəddinqızı ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verərək, onun milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olmasını, qadın azadlığı mövzusuna daim həssas münasibət bəslədiyini, çoxşaxəli ədəbi və ictimai fəaliyyəti boyunca daim xalqımızın maariflənməsi, onu cəhalətə, ətalətə sürükləyən məhdudiyyətlərdən azad olması, dünya mədəniyyəti və ədəbiyyatında layiqli mövqe qazanmasına əzmkarlıqla səy göstərdiyini bildirib. Muzeyin rəhbəri, həmçinin ədibin ailəsinin xatirələrini dilə gətirərək, Cəfər Cabbarlının yaradıcılığı, ədəbi və ictimai fəaliyyəti ilə bağlı maraqlı faktlar bölüşüb.

“GUYS” Gənclər Təşkilatının sədr müavini Mehin Vəliyeva çıxışında Cəfər Cabbarlı yaradıcılığında uzun müddət aparıcı xətt olan qadın azadlığı mövzusuna toxunaraq, bu istiqamətdə yazılan “Sevil”, “Almas” pyeslərinin, “Dilbər”, “Firuzə” hekayələrinin təhlilini aparıb.

İnformasiya və media ilə iş şöbəsinin müdiri Günay Həsənova Cəfər Cabbarlının həyat və yaradıcılığına həsr edilən, kitabxananın hazırladığı elektron məlumat bazası və ədibin 120 illik yubileyi ilə əlaqədar çap edilən biblioqrafiya haqqında məlumat verib.

Filoloq, Yunanşünaslıq üzrə tədqiqatçı Pərvanə Abbaslı Cəfər Cabbarlının bədii irsinin milli dəyərlər xəzinəsi olduğunu söyləyərək, onun ədəbiyyata şeirlə gəldiyini bildirib. Tədqiqatçı ilk mətbu şeirlərinin 1911-ci ildə "Həqiqəti-Əfkar" qəzetində dərc olunmasını, 1915-ci ildə isə onun "Bahar" adlı şeirinin nəşr olunduğunu söyləyib və C.Cabbarlı yaradıcılığının ilk dövründə mühüm yer tutan satiranın ədibin bir realist, bir demokrat kimi yetişməsində mühüm rol oynadığını bildirib.

ADU-nun filologiya fakültəsinin məzunu Nəzrin Kamalova öz çıxışında milli ruhlu, böyük sənətkar Cəfər Cabbarlının səhnə əsərləri, tariхi dramlarının onilliklər boyu böyük bir nəslin vətənpərvərlik məktəbi olduğunu və ötən yüzilliyin əvvəllərində ədəbi-mədəni və mənəvi mühitin yaranması, həmçinin pеşəkar tеatrın inkişaf etməsi, yеni aktyor nəslinin yеtişməsində əhəmiyyətli rol oynayan “Vəfalı Səriyyə”, “Solğun çiçəklər”, “Ulduz”, “Ədirnə fəthi”, “Aydın”, “Oqtay Еloğlu” və digər pyеslərin bu gün də aktuallıq kəsb etdiyini, görkəmli dramaturqun pyеslərinin nadir sənətkarlıq nümunələri olduğunu söyləyib.

Tədbirdə iştirak edən BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin tələbəsi Fidan Həsənova Cəfər Cabbarlı haqqında müxtəlif dövrlərdə qələmə alınan xatirələr barədə danışıb və ədibin həyatı, yüksək məqsədlər uğrunda mübarizəsi, eləcə də qəfil ölümü ilə bağlı bir sıra maraqlı faktlar səsləndirib, digər tələbə Kamil Qürbətov Cabbarlının “Bən bir güldüm, açılmadan budağımdan dərdilər” şeirini söyləyib.

Sonda Qəmər Seyfəddinqızı Cəfər Cabbarlının xatirəsinə həsr edilən tədbirin təşkilinə görə kitabxanaya dərin təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.