REGİONLAR
Masallılı idmançı XVI Yay Paralimpiya Oyunlarında iştirak edəcək
Masallı, 6 aprel, Bağır Əliyev, AZƏRTAC
Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanmış idmançılarımızın adları açıqlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı idmançısı, Azərbaycan Üzgüçülük Federasiyasının yetirməsi, Dünya çempionatının bürünc medalçısı Vəli Rəşadət oğlu İsrafilov Tokio şəhərində keçiriləcək üzgüçülük üzrə XVI Yay Paralimpiya Oyunlarında ölkəmizin idman şərəfini qoruyacaq.
Qeyd edək ki, İsrafilov Vəli Rəşadət oğlu 18 oktyabr 2002-ci il tarixində anadan olub. 2008-ci il ildə Masallı şəhərindəki “Dəfinə” məktəb-liseyinin birinci sinfinə daxil olan V.İsrafilov təhsilini Böyük Xocavar kənd tam orta məktəbində davam etdirib. O, 2019-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin elektrotexnika və energetika fakültəsinə daxil olub, hazırda həmin fakültənin ikinci kurs tələbəsidir.
V.İsrafilov uşaq yaşlarından idmanın üzgüçülük növü ilə məşğul olur. O, dəfələrlə Bakı şəhərində keçirilən birinciliklərin qalibi adına layiq görülərək milli komandanın məşqçilərinin rəğbətini qazanıb.
On iki yaşında “İdman ustalığı”na namizədliyə layiq görülən V.İsrafilov üzgüçülük üzrə milli komandaya cəlb edilib.
Yaşının az olmasına baxmayaraq, o, beynəlxalq yarışlarda uğurla çıxış edib. Serbiya, Slovakiya, Macarıstan, Türkiyə və digər ölkələrdə keçirilən yarışlarda dəfələrlə Azərbaycan bayrağını dalğalandırıb.
Vəli İsrafilov 2016-cı ildə keçirilən IV İslam Həmrəylik Oyunlarına lisenziya qazanmış və yarışda iştirak edən ən kiçik yaşlı idmançı olub. O, bu yarışlarda yarımfinala qədər yüksəlib, sonda isə 11-ci yerdə qərarlaşıb.
Vəli İsrafilov 15 yaşında “İdman ustası” normasını yerinə yetirib. Gənc idmançı Milli Olimpiya komandası ilə yanaşı, həm də Milli Paralimpiya komandasının da üzvüdür.
Masallılı idmançı 2019-cu ildə Londonda keçirilən üzgüçülük üzrə dünya çempionatında üçüncü yerə layiq görülərək Tokioda keçiriləcək Paralimpiya Oyunlarına lisenziya qazanıb.