REGİONLAR
Ordubad rayonunda növbəti humanitar aksiya keçirilir
Ordubad, 23 dekabr, AZƏRTAC
Bakı şəhərində fəaliyyət göstərən Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti ötən illərdə yaranmış ənənəni davam etdirərək, muxtar respublikanın Ordubad rayonunda növbəti humanitar aksiya keçirir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ordubad Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan üç günlük aksiyada Klinik Xəstəxananın baş həkimi Telman İbadovun rəhbərliyi ilə 23 yüksəkixtisaslı həkim və orta tibb işçisi iştirak edir. Əvvəlcə ambulator müayinələr aparılır. Müayinə olunmaq üçün xəstəxanaya müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi lazımi şərait yaradıb. Ordubad Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti də Bakıdan gələn həkimlərlə birgə tibbi xidmət göstərir.
Cərrahi müdaxiləyə ehtiyacı olan 30 nəfər üzərində ümumi cərrahi, proktoloji, uroloji, burun-qulaq-boğaz, yırtıq və digər əməliyyatlar aparılır. Aksiyanın ilk günü üzərində cərrahi əməliyyat aparılan xəstələr palataya yerləşdiriliblər. Pasiyentlər, həmçinin hematoloji, uroloji, nefroloji, proktoloji, oftalmoloji və digər tibbi xidmətlərlə də əhatə olunurlar.
Ordubad şəhər sakinləri Zöhrə Məmmədova, Namiq Əsədov, Nəsirvaz kənd sakini Səkinə Həsənova və başqaları onlara göstərilən bu xidməti dövlətimizin əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsi kimi dəyərləndirərək minnətdarlıqlarını bildiriblər.