DÜNYA
Panama bayrağı altında üzən teploxod Qara dənizdə qəzaya uğrayıb
Heyət üzvləri arasında altı Azərbaycan vətəndaşı və iki Türkiyə vətəndaşı var
Moskva, 13 oktyabr, AZƏRTAC
Qara dənizdə metal qırıntıları yüklənmiş teploxod qəzaya uğrayıb. “Rosmorreçflot”un mətbuat xidmətindən TASS agentliyinə verilən məlumata görə, heyət üzvləri xilas edilib.
AZƏRTAC xəbər verir ki, heyət üzvləri arasında altı Azərbaycan vətəndaşı və iki Türkiyə vətəndaşı var.
“Rosmorreçflot”un mətbuat xidmətinin məlumatında deyilir: “Teploxod yana əyilərək batıb. Səkkiz nəfərlik heyət üzvləri xilas edilib. Hazırda onlar Novorossiysk limanına gedən tankerin göyərtəsindədirlər”.
Bu gün Moskva vaxtilə saat 06:45-də Sevastopoldakı növbətçi dəniz xilasetmə mərkəzindən alınmış məlumata görə, Panama bayrağı altında üzən teploxod Qara dənizdə sahildən 50 mil məsafədə qəzaya uğrayıb. Gəmi yana əyilərək batıb, heyət üzvləri xilasetmə salı üzərində təxliyə olunublar. Dəniz gəmiləri, o cümlədən “Minerva” tankeri köməyə göndərilib və batmaqda olan teploxodun heyət üzvlərini göyərtəyə götürüb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva