CƏMİYYƏT
Pirallahıda on milyonuncu vətəndaşa həsr olunmuş ağacəkmə aksiyası keçirilib
Bakı, 8 aprel, AZƏRTAC
Respublikamızın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA İctimai Birliyinin, Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun bir çox ərazilərində, o cümlədən Pirallahı qəsəbəsində 2000-dən artıq müxtəlif ağac növləri əkilib.
AZƏRTAC xəbər verir ki, ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin başçısı, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, təsərrüfat xidmətləri işçiləri iştirak ediblər. Aksiya zamanı əkilən tinglərin dibləri bərkidilib və suvarılıb. Əkilən yeni ağaclara hər həftə qulluq edilməsi qərara alınıb.
Qeyd edək ki, rayon icra hakimiyyəti başçısının qərarı ilə elan olunmuş “Təmizlik ayı” (28 mart - 28 aprel) çərçivəsində hər həftənin şənbə və bazar günləri iməcilik keçiriləcək.