ELM VƏ TƏHSİL


Qafqaz İslam Ordusu Azərbaycan-Türkiyə əməkdaşlığının şanlı səhifəsidir VİDEO

Bakı, 21 iyun, P.İmanova, AZƏRTAC

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Qafqaz İslam Ordusu - Azərbaycan-Türkiyə əməkdaşlığının şanlı səhifəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən DİA-nın rektoru, akademik Urxan Ələkbərov konfransın qardaş ölkənin Türkiyə və Orta Şərq Dövlət İdarəçiliyi İnstitutu ilə birgə təşkil olunduğunu söyləyib. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinin ölkəmizdə dövlət səviyyəsində qeyd olunduğunu deyən rektor bugünkü konfransın Qafqaz İslam Ordusunun xalqımızın tarixindəki yeri və roluna həsr edildiyini bildirib.

Qeyd edilib ki, XX əsrin əvvəlində - çox mürəkkəb tarixi şəraitdə Türkiyənin Azərbaycana hərbi yardımı Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun timsalında həyata keçirilib. Bakının və ətraf qəzaların erməni-bolşevik işğalından xilas olmasında Qafqaz İslam Ordusu mühüm xidmətlər göstərib. Qafqaz İslam Ordusu bu şanlı tariximizin bir hissəsidir. Həmin ənənələr üzərində qurulan Azərbaycan bu gün dünyanın aparıcı ölkəsinə çevrilib. Müasir dövrdə ölkəmiz bütün sahələrdə sürətlə inkişaf edir və statistik göstəricilərinə görə dünyada 23-cü yerdədir.

Türkiyə və Orta Şərq Dövlət İdarəçiliyi İnstitutunun baş direktoru, professor Onur Ender Aslan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərindən söz açıb, DİA ilə müxtəlif sahələrdə yüksək səviyyədə əməkdaşlıq etdiklərini söyləyib. Bu münasibətlərin 25 ildən coxdur ki, davam etdiyini bildirən qonaq əməkdaşlıq çərçivəsində hər iki ali məktəb tərəfindən təhsil, elmi tədqiqat, müxtəlif proqramlar və digər sahələrdə əlaqələrin qurulduğunu, birgə konfrans və tədbirlərin təşkil olunduğunu söyləyib. Qafqaz İslam Ordusunun 1918-ci ildə Bakının daşnak-bolşevik işğalından azad olunmasında göstərdiyi xilaskarlıq missiyasının Azərbaycanda və Türkiyədə hər zaman təqdirlə qarşılandığını deyən baş direktor Çanaqqala döyüşlərində azərbaycanlıların da könüllü olaraq iştirak etdiklərini xatırladıb, bu dəyərlərin gələcək nəsillərə çatdırılmasında konfransın əhəmiyyətini qeyd edib. O, ölkələrimizin hər zaman bir-birinin yanında olduğunu və bu qardaşlıq münasibətlərinin qədim tarixi köklərə bağlılığını diqqətə çatdırıb.

DİA-nın dosenti, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədovanın “Qafqaz İslam Ordusu: missiyası və əhəmiyyəti”, türkiyəli professor Səlma Velin “100 ilində Azərbaycan Xalq Cümhuriyyətinin quruluşu və Böyük İslam Ordusunun köməyi”, tarix elmləri doktoru Mehman Süleymanovun “Qafqaz İslam Ordusunun yaranması və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsi”, Miyasə Koyuncu Kayanın “1918-ci ildə Qafqaz (Azərbaycan) məsələlərinin Osmanlı mətbuatında əks olunması”, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlının “Azərbaycan Cümhuriyyəti mətbuatında Qafqaz İslam Ordusu” mövzularında məruzələri dinlənilib. Məruzələrdə Qafqaz İslam Ordusunun yaranmasından, 1918-ci ildə Bakının daşnak-bolşevik işğalından azad olunmasında Nuru Paşanın rəhbərliyi ilə ordunun və Azərbaycan Korpusunun göstərdiyi xilaskarlıq missiyasından bəhs edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.