ELM VƏ TƏHSİL
Qazax-Tovuz gəncləri üçün keçirilən “Vikipediya” təlimləri yekunlaşıb
Bakı, 6 may, AZƏRTAC
“Qorqud” Vikipediya Metodik Klubunun, Türk Ağsaqqalları İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Vikipediya” təlimləri yekunlaşıb.
Bunu AZƏRTAC-a açıqlamasında “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib. O bildirib ki, təlimlər bir ay müddətində onlayn keçirilib. Təlimlər zamanı Türk Ağsaqqalları İctimai Birliyinin Gənclər Təşkilatının üzvləri Aytac Heybətzadə, Qorqud Həsənli, Zeynəb Qafarova, Elariz Poluyev fəallıqları ilə seçiliblər. “Vikipediya” qrupunun üzvləri 100-dən çox məqalə yaradıblar. Könüllülər bundan sonra “Vikipediya”nın Azərbaycan dili bölməsində fəaliyyətlərini davam etdirəcəkər. Məqsəd “Vikipediya”da Azərbaycan dili bölməsini daha da zənginləşdirərək töhfə verməkdir.
Təlimlər “Qorqud” Vikipediya Metodik Klubunun təlimçiləri Qədir Quliyev, Əvəz Orucov, Elgün Rüstəmli, Sübhan Xıdırzadə tərəfindən keçirilib. Təlimlərdə fəal iştirak edənlər Türk Ağsaqqalları İctimai Birliyinin, “Qorqud” Vikipediya Metodik Klubunun rəhbəriyi tərəfindən diplom və sertifikatlarla təltif olunacaqlar.