Respublika Gənclər Kitabxanasında Hüseyn Cavidin 140 illiyi münasibətilə silsilə materiallar hazırlanıb
Bakı, 24 oktyabr, AZƏRTAC
Bu gün Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, şair, yazıçı, dramaturq, milli romantik şeirin və mənzum faciənin banisi Hüseyn Cavidin anadan olmasından 140 il ötür. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası bu münasibətlə yazıçının həyat və fəaliyyətinə həsr edilmiş silsilə materiallar-videoçarx, ənənəvi və virtual kitab sərgisi hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, videomaterial və virtual sərgidə dramaturqun həyat və yaradıcılıq fəaliyyəti, əsərləri haqqında geniş məlumatla yanaşı, Prezident İlham Əliyevin Hüseyn Cavidin 140 illik yubileyinin keçirilməsinə dair imzaladığı Sərəncamın mətni, görkəmli şəxslərin ədib haqqında söylədikləri fikirlər də yer alıb. Materiallarda Hüseyn Cavidin əsərlərindən parçalar, sözlərinə bəstələnmiş musiqi əsərləri, səhnələşdirilmiş əsərləri, müəllifi olduğu və onun haqqında yazılan 20-dən çox kitabın biblioqrafik təsviri, həyatından bəhs edən filmlərin siyahısı verilib. Hüseyn Cavidin 1937-ci ildə bir çox yazıçı və şairlərin, elm və mədəniyyət sahəsinin görkəmli nümayəndələrinin həyatına son qoyan repressiyanın qurbanı olması, sürgün edilməsi, vəfatı və görkəmli siyasi xadim, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə cənazəsinin qalıqlarının uzaq Sibirin əlçatmaz yerlərindən Azərbaycana gətirilməsi haqqında məlumat da əksini tapıb.
Hazırlanan videoçarx və virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.