İDMAN


Roberto Bordin: Şadıq ki, ilk matçı Azərbaycanda keçirəcəyik

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 12-də Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Dalğa Arena”da "Neftçi” – "Uypeşt” oyunu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, oyun öncəsi komandamızın baş məşqçisi Roberto Bordin və kapitan Ruslan Abışovun iştirakı ilə mətbuat konfransı təşkil olunub. "Dalğa Arena”da baş tutan tədbirdə əvvəlcə oyun haqqında fikirlərini bildirən italiyalı mütəxəssis sonra jurnalistlərin suallarını cavablandırıb. O deyib: "Yeni mövsümün başlanması ilə əlaqədar çox xoşbəxtik. Şadıq ki, ilk matçı Azərbaycanda – azarkeşlərimizin qarşısında keçirəcəyik. Çünki birinci oyun həmişə çox vacibdir. Bilirik ki, rəqib güclü komandadır. Onlar yaxşı hazırlıq keçiblər. Biz də son bir ayı boş keçirməmişik, yaxşı hazırlaşmışıq. Futbolçular da ilk oyuna hazırdır. Ona görə, mövsümə çox yaxşı başlamaq istəyirik. Hazırda "Sevilya” haqda düşünmürük. Fikrimizi "Uypeşt”lə oyunlara yönəltmişik”.

Sonra Ruslan Abışov fikirlərini açıqlayıb: "Müəyyən aradan sonra ilk oyuna çıxacağıq. Yeni baş məşqçimiz var, yeni oyunçular gəlib. Yaxşı hazırlıq keçmişik. Var gücümüzlə oynayacağıq. Rəqibimiz Macarıstanın ən köklü klublarından biridir. Buna baxmayaraq, yaxşı nəticə qazanmaq istəyirik. Hər bir futbolçu mərhələni adlayıb, "Sevilya” kimi məşhur komandaya qarşı oynamaq istəyər”.

Mətbuat konfransından sonra komandamızın ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olan məşqi baş tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.