MƏDƏNİYYƏT
Trentinoda unudulmaz payız
Bakı, 12 sentyabr, AZƏRTAC
İtaliyanın şimalında Trentino vilayətinin Dolomit Alp dağlarında yay mövsümü adətən sentyabrın 20-də başa çatır. Lakin hava imkan verərsə, bəzi dağ komaları və ya belə adlandırılan Alp sığınacaqları (düşərgə məntəqələri) noyabr ayınadək işləyir və turistləri qəbul edir. Payızın ətri və bu fəsildə hazırlanan ləziz yeməklər dağ komalarından birinə səyahət etmək üçün tutarlı səbəbdir, ələlxüsus da siz Val-di-Fassa vadisinə gəlmisinizsə.
AZƏRTAC “vizittrentino” saytına istinadla xəbər verir ki, sentyabrın 22-dən oktyabrın 7-dək Trentinonun dağlıq ərazisindəki 12 restoran “Mountain huts of Flavour” (Dağ komaları) proqramında iştirak edir. Baş aşpazların hər biri tipik yeməklər əsasında öz menyusunu tərtib edir. Bu yeməklərin hamısı yerli və orqanik ərzaq məhsullarından bişirilməlidir. Bundan başqa, Trentinonun bir çox rayonlarında bu dövrdə yerli qastronomik festivallar keçirilir ki, hər kəs onlardan öz zövqünə uyğun olanı seçə bilər.
Sentyabrın 20-dən sonra Dolomitdəki Pale-di-San-Martinoda “Rifugio Pradidali” və Val-Kanalidə “Rifugio Treviso”, Passo-Rolledə “Capanna Cervino”, habelə Vette-Feltrinenin ətəyində “Vederne” və “Fonteghi” düşərgə məntəqələri açıq olacaq.
Həmçinin Brenta-Dolomitdə səyahətçilər klassik piyada marşrutlarından istifadə edə biləcəklər. Məsələn, Brenteydə “Rifugio Maria e Alberto”, Val-d`Ambyezdə “Rifugio Cacciatore” və “Rifugio Agostini”, habelə “Rifugio Giorgio Graffer”dən “Rifugio Grostè”yə marşrut açıq olacaq. Adamello dağlarında payızın ən yaxşı dağ marşrutları “San Giuliano” və “Brigata Lupi di Toscana” dağ komalarından Boniprati yaylasına, habelə Val-Breqqutsoda Trivenadan və Val-di-Fumodan keçir.