REGİONLAR
Xaçmazda gənc televiziya mütəxəssisləri təlimlərə cəlb olunub
Xaçmaz, 4 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda televiziya sahəsində yeni fəaliyyətə başlayan gənclər “Televiziya işinin təşkili, müasir mediada günün tələbləri” mövzusunda seminara cəlb olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin ilk uşaq televiziyası “ARB Günəş”in təşkilatçılığı ilə keçirilən təlimlərə həm yaradıcı, həm də texniki sahədə çalışan gənc mütəxəssislər qatılıb.
İki həftə davam edən seminarın əsas məqsədi gənc mütəxəssislərin televiziya biliklərini artırmaqdan, media əməkdaşları arasında peşəkar münasibətlərin formalaşmasını təmin etməkdən ibarət olub.
Seminar iştirakçıları “Azərbaycanda medianın inkişaf yolu. Televiziyada peşəkar münasibətlərin formalaşdırılması”, “Müasir mediada günün tələbləri. Sosial media ənənəvi medianı əvəz edə bilərmi?”, “Çəkiliş qrupunda komanda işinin təşkili. Təcrübə danışır”, “Montaj süzgəci, xam materialın efir üçün hazırlanması prosesi” və başqa mövzularda təlimatçıların məruzələrini dinləyib, təqdimatlarla tanış olublar.
Təlim iştirakçılarına sertifikatlar təqdim edilib.