MƏDƏNİYYƏT


Xalq Artisti Hüseynağa Sadıqovun xatirəsi anılmışdır

Bakı, 15 fevral (AZƏRTAC). Fevralın 15-də Dövlət Film Fondunda Xalq Artisti, görkəmli teatr və kino aktyoru Hüseynağa Sadıqovun xatirə gecəsi keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, fondun foyesində tanınmış sənətkara həsr edilmiş fotosərgi açılmışdır.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşmışdır.

Tədbirdə fondun sədri, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev, Xalq Artisti, professor Tofiq İsmayılov, Əməkdar İncəsənət Xadimi Aydın Kazımzadə və başqaları çıxış edərək sənətkarın yaradıcılıq yolundan söz açmış, onunla bağlı xatirələrini bölüşmüşlər.

Bildirilmişdir ki, Hüseynağa Sadıqov 1914-cü ildə, Novruz bayramı günlərində Bakının qədim məhəllələrinin birində, tacir Ələsgərin ailəsində dünyaya göz açmışdır. 1930-cu ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor truppasına müsabiqə yolu ilə, sınaq müddətinə qəbul olunmuş və qısa müddətdən sonra teatrda aktyor kimi fəaliyyətə başlamışdır. İlk vaxtlardan ona məsul rollar tapşırılmışdır.

Hüseynağa Sadıqov teatr səhnəsində olduğu kimi, kinoda da bənzərsiz obrazları ilə tamaşaçıların sevimlisinə çevrilmişdir. O, “Azərbaycanfilm” kinostudiyasında “Sehrli xalat”, “Səhər”, “Yeddi oğul istərəm”, “O qızı tapın”, “Yenilməz batalyon”, “Telefonçu qız”, “Babamızın babasının babası”, M.Qorki adına kinostudiyada çəkilmiş “Ələddinin sehrli çırağı” və digər ekran əsərlərində müxtəlif səpkili obrazlar yaratmışdır.

Sənətkarın filmlərinə, televiziya tamaşalarına baxanda aydın hiss edirsən ki, aktyor klassik Azərbaycan aktyor sənətindən bəhrələnmişdir. Buna baxmayaraq o, öz yolu, üslubu olan sənətkarlardan idi. Radio verilişlərindəki işləri indi də xatırlanan sənətkar “Xoruz baba”, “Piri baba” kimi obrazlarla uşaqların sevimlisinə çevrilmişdir.

Hüseynağa Sadıqov 1983-cü il fevralın 23-də Bakıda vəfat etmişdir.

Tədbirdə ölməz sənətkarımızın çəkildiyi filmlərdən parçalar nümayiş olunmuşdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.