REGİONLAR
Xızının kollektor drenaj sistemi lil və kol-kosdan təmizlənir VİDEO
Bakı, 4 iyul, AZƏRTAC
Torpaq mülkiyyətçilərini vaxtında və itkisiz suvarma suyu ilə təmin etmək məqsədi ilə Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Sumqayıt Melioservis İdarəsi ölkənin əksər rayonlarında meliorativ tədbirlər həyata keçirir. Hazırda idarə əməkdaşları Xızı rayonu ərazisində yerləşən kollektor drenaj sistemində lil və kol-kosdan təmizləmə işlərini yerinə yetirirlər. Uzunluğu 13 kilometr olan kollektor-drenaj şəbəkəsi xüsusi texnika vasitəsi ilə təmizlənir. Bu işlərin mütəmadi aparılması nəticəsində əkin sahələrindən qrunt sularının qısa müddətdə dənizə ötürülməsinə nail olunur. Nəticədə torpaqların münbitliyi artır və məhsuldarlıq yüksəlir.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, son illər Xızı rayonunda görülən meliorativ tədbirlər nəticəsində 9989 hektar sahə əkin dövriyyəsinə cəlb edilib. Belə ki, əvvəllər rayonda suvarılan sahələr cəmi 2970 hektar idi. Dövlət başçısının sərəncamı əsasında Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Xızı rayonunda da nəzərəçarpacaq işlər görülüb. Bu tədbirlərin nəticəsidir ki, bu gün rayonda suvarılan sahələr 12959 hektar təşkil edir. Həm əvvəllər mövcud olan, həm də əkin dövriyyəsinə yeni cəlb edilən sahələrdə suvarma təminatını yaxşılaşdırmaq məqsədi ilə 327 kilometr uzunluğunda kanallar çəkilib. Bu kanalların 102 kilometri açıq, 225 kilometri isə qapalı tiplidir. Kanallar üzərində 1883 ədəd hidrotexniki qurğu quraşdırılıb. Həmçinin 135 kilometr uzunluğunda kollektor drenaj şəbəkəsi qurulub.