İDMAN
Xorvatiya millisi mundialın dörddəbir final mərhələsində
Bakı, 5 dekabr, AZƏRTAC
Futbol üzrə Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatının dörddəbir finalına yüksəlib.
AZƏRTAC xəbər verir ki, turnirin pley-off mərhələsi çərçivəsində Xorvatiya millisi Yaponiya yığması ilə qarşılaşıb.
“Əl Canub” stadionunda oynanılan matçda hesabı Yaponiya millisi açıb. Matçın 44-cü dəqiqəsində Daydzen Maeda fərqlənib. Asiya təmsilçisi fasiləyə minimal hesablı üstünlüklə yollanıb.
İkinci hissəyə daha fəal başlayan Xorvatiya yığması 55-ci dəqiqədə İvan Perişiçin qolu ilə hesabı bərabərləşdirib. Komandaların cəhdlərinə baxmayaraq oyunda hesab dəyişməyib və görüş 1:1 hesabı ilə başa çatıb. Qarşılaşmada qalib müəyyənləşmədiyi üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtda da hesab dəyişmədiyindən penalti seriyası təyin edilib. Zərbələri dəqiq yerinə yetirən Xorvatiya millisi mərhələ adlayıb – 3:1.
Xorvatiya seçməsi dörddəbir finalda Braziliya – Koreya Respublikası matçının qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, artıq dörddəbir final mərhələsinin iki cütü müəyyənləşib. Belə ki, Niderland millisi Argentina, İngiltərə isə Fransa ilə qarşılaşacaq.