CƏMİYYƏT


Yeni Azərbaycan Partiyası yeni hədəflərə doğru inamla irəliləyir

Bakı, 7 iyul, AZƏRTAC

On səkkiz minə yaxın üzvünü 140 ərazi partiya təşkilatında birləşdirən Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı partiyanın yeni Nizamnaməsinə və Proqramına uyğun olaraq fəaliyyətini daha da təkmilləşdirir. Ərazi partiya təşkilatları ilə daha sıx əlaqələr qurulur, qarşıdakı hədəflərə daha böyük töhfələr vermək üçün bütün qüvvə və bacarıqlar səfərbər edilir. Ərazi partiya təşkilatlarında keçirilən hesabat-seçki yığıncaqları, görülən işlərin fonunda qarşıda dayanan vəzifələrin icrası ilə bağlı tapşırıqların verilməsi və sair kimi mühüm addımlar da bu qəbildəndir.

İyulun 7-də YAP Xətai rayon təşkilatı Xocalı prospekti 30 ünvanında yerləşən ərazi partiya təşkilatında tədbir keçirilib.

Partiyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının cəmiyyətin avanqard qüvvəsinə çevrilməsini şərtləndirən amillərdən bəhs edib. Bildirib ki, bu il Yeni Azərbaycan Partiyasının 30 illiyi qeyd ediləcək. Ötən 30 il partiyanın keçdiyi şərəfli yolun aydın mənzərəsini yaradır. Tutduğu yola sadiqliyi, sözlə əməl birliyi sayəsində milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyasının qalib, dayanıqlı iqtisadi inkişafa malik olan Azərbaycanın uğurlarında böyük payı vardır. YAP daim dövlətimizin daha da qüdrətlənməsinə, xalqın yüksək rifah şəraitində yaşamasına səy göstərir. Partiya bunu irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları ilə təsdiqləyir. Yeniləşmə, təkmilləşmə YAP-ın fəaliyyətinin əsasını təşkil edir. Ötən il tarixi Zəfərimiz fonunda VII Qurultayını keçirən Yeni Azərbaycan Partiyasının qəbul etdiyi yeni qərarlar daha uğurlu gələcəkdən xəbər verir.

YAP İdarə Heyətinin üzvü haqqında bəhs olunan ərazi partiya təşkilatının əsasən elm adamlarını, tələbələri öz sıralarında birləşdirdiyini önə çəkərək ölkəmizdə elmin inkişafına göstərilən diqqət və qayğıdan, Prezident İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək!” tezisinin reallıqda öz əksini tapmasından bəhs edərək deyib: “Azərbaycan dünya elminə verdiyi töhfələri ilə daim diqqətdə olub. Elmin, yeni texnologiyaların vəhdətinin yaradılması ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycanın hər bir iqtisadi çətinlikdən uğurla çıxmasını şərtləndirən amillərdən biri elmi əsaslara söykənməsi, iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasıdır. Qalib Azərbaycanımız, ölkəmizin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı illərdə daha möhtəşəm uğurlara imza atacaq. Partiyanın hər bir üzvü bu uğurların, ulu öndər Heydər Əliyev ideyalarının təbliğatçısıdır”.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı Xocalı prospekti 30 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, BANM-in prorektoru Zəfər Qurbanov YAP-ın ölkəmizdə ən nüfuzlu partiya olmasını bir daha xatırladaraq söyləyib ki, Azərbaycanın bugünkü uğurlarına öz töhfələrini verən partiyanın yeni hədəflərə doğru inamla irəliləməsi onun dövlətə, xalqa bağlı olduğunu bir daha ortaya qoyur. Sevindirici haldır ki, artıq partiyamızın üzvlərinin sayı 800 min nəfərə yaxındır.

Z.Qurbanov yaradıcısı ulu öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında aparıcı mövqeyindən və rolundan danışıb. Bildirib ki, gələcəyə doğru inamla addımlayan YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Diqqətə çatdırıb ki, 2020-ci ildə Azərbaycan öz qəhrəmanlıq tarixinin ən unudulmaz salnaməsini yazdı. Postmünaqişə dövründə, qısa bir zamanda Böyük Qayıdışa hazırlıq olaraq dövlətimizin başçısının Sərəncam və tapşırıqları ilə görülən genişmiqyaslı işlər hər kəsi qürurlandırır. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda böyük quruculuq, yenidənqurma işləri aparılır. Azad Qarabağımız, azad Şuşamız cənnətməkana çevrilir. Partiyanın hər bir üzvü bu işlərə öz töhfəsini verməlidir”.

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə 30 illik yol qət edən partiyanın əldə olunan uğurlarından, milyonların sevgisini qazanmasından, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirməsindən, hədəflərini zamanın tələbləri əsasında müəyyənləşdirərək onlara nail olmaq istiqamətində atdığı davamlı addımlardan geniş söhbət açıb. Bildirib ki, YAP yarandığı gündən ümumxalq partiyası kimi tanınıb və nüfuz qazanıb. Bu gün partiyanın sıralarında 800 minə yaxın üzvün birləşməsi ulu öndər Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin siyasətinə inamın göstəricisidir. Azərbaycanın hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyası “Güclü dövlət, yüksək rifah!” prinsipini fəaliyyətinin önündə saxlayır, daim Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi, həqiqətlərimizin təbliği istiqamətində səylərini artırır. Bu gün bütün Azərbaycan xalqı, o cümlədən YAP-ın sıralarında birləşən hər bir üzv qürurludur. Tarixi Zəfərimiz hər birimizi daha uğurlu gələcək naminə hədəflərin reallığa çevrilməsinə dəstək olmağa çağırır. YAP sözlə əməl birliyi sayəsində cəmiyyətin avanqard qüvvəsi kimi nüfuzunu gündən-günə artırır.

V.Rəhimzadə partiyanın VII Qurultayında dövlətimizin başçısı, YAP-ın Sədri İlham Əliyevin proqram xarakterli çıxışında qarşıya qoyulan vəzifələrdən danışaraq bildirib ki, yeni reallıqlar daha səylə çalışmağı bir tələb kimi qarşıya qoyur.

YAP Xətai rayon təşkilatının sədri Xocalı prospekti 30 ünvanında yerləşən ərazi partiya təşkilatının gələcəkdə sıralarını daha da genişləndirəcəyinə əminliyini ifadə edərək nəzdində yaradıldığı Bakı Ali Neft Məktəbinin ali təhsil ocağı kimi böyük nüfuzundan bəhs edib. Bildirib ki, yaradılmasının 11 ilini arxada qoyan bu ali təhsil ocağı uğurları ilə 100 illik yol qət etdiyi təəssüratını formalaşdırır. Bu ali məktəb qalib Azərbaycanın gələcəyi üçün yüksəkixtisaslı kadrlar yetişdirir.

Sonra təşkilati məsələlərə baxılıb. Emil Aslanlı Xocalı prospekti 30 ünvanında yerləşən ərazi partiya təşkilatının yeni sədri, Elmir Qurbanov isə sədr müavini seçiliblər.

Xocalı prospekti 30 ünvanında yerləşən ərazi partiya təşkilatının yeni sədri, BANM-in Karyera və tələbələrlə iş şöbəsinin müdiri Emil Aslanlı Azərbaycanın uğurlu inkişafından, dövlətimizin başçısının təkmil islahatlarının ölkəmizin qarşısında açdığı imkanlardan geniş bəhs edib. Bildirib ki, dövrün tələblərinə uyğun təkmilləşmə hər sahədə uğurlara yol açmaqla yanaşı, qarşıya mühüm vəzifələr qoyur. Yeni Azərbaycan Partiyası hər zaman islahatlar prosesinə öz töhfələrini verib, bu gün də yeni hədəflərə doğru inamla irəliləyir.

E.Aslanlı göstərilən etimada görə minnətdarlığını bildirib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük şərəf və qürurdur. “YAP dövlətimizin həyata keçirdiyi və uğurlu gələcəyimizə xidmət edən siyasətdə böyük rolu olan partiyadır. YAP-da gənclərin öz potensial imkanlarından maksimum istifadə etmələri üçün bütün şərait yaradılıb. Belə güclü partiyanın üzvü olmaq, eyni zamanda, böyük məsuliyyətdir”, - deyə o bildirib.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkibə uğurlar arzulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.