® "Qafqaz” Qəbələ hotellərinin aşpazları Azərbaycanı Fransada Beynəlxalq festivalda təmsil edirlər
"Qafqaz” Qəbələ hotellərinin aşpazları Azərbaycanı Fransada keçirilən 5-ci Beynəlxalq qastronomiya festivalında təmsil edirlər. Azərbaycan sentyabrın 1-dən 4-nə kimi Heydər Əliyev Fondunun, Azərbaycanın Fransadakı səfirliyinin, Azərbaycanın Dostları Assosiasiyasının (ADA), Paris Azərbaycan Evinin və AZPROMO-nun dəstəyi ilə Fransanın paytaxtı Parisdə keçirilən 5-ci Beynəlxalq qastronomiya festivalında təmsil olunur.
Festival çərçivəsində fransalı və xarici qonaqlar Azərbaycan mətbəxi ilə tanış olurlar. “Gabala Hospitality Group” menecment şirkətinin idarə etdiyi “Qafqaz” Qəbələ hotellərinin istedadlı aşpazları - Elmar Əliyev və Rasim Nəcəfov tədbirdə “Şuşa İli” çərçivəsində Qarabağ bölgəsinin mətbəxinə xüsusi yer ayıraraq, tədbir iştirakçılarının bu bölgənin ləziz yeməkləri ilə yaxından tanış olmasına şərait yaradırlar. 50-yə yaxın ölkənin təmsil olunduğu festival çərçivəsində dolmanın hazırlanması qaydalarına həsr edilmiş dəyirmi masa keçiriləcək.
Tədbir müddəti ərzində qonaqlara Azərbaycan mətbəxi ilə yanaşı, Azərbaycan milli rəqsləri də nümayiş olunur.
Məlumat üçün bildirək ki, “Gabala Hospitality Group” menecment şirkəti Qafqaz hotellər şəbəkəsi (Qafqaz Riverside Hotel, Qafqaz Tufandağ Hotel və Qafqaz Riverside Hotel), Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi, “Gabaland” Əyləncə Parkı və Qəbələ Atıcılıq Klubunu idarə edir. Şirkət 2019-cu ilin oktyabr ayından fəaliyyət göstərir.